Karantindəki məşhurlarımız: yaşı 65-i keçən tanınmışlardan ilginc rəylər
Ölkədə pandemiya səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin şərtləri yaşı 65-dən yuxarı olan insanlar üçün daha çətindir. Çünki onlara evdən çölə çıxmaq tamamilə qadağan edilib.
Ahıl, tənha insanlara sosial xidmətlər göstərildiyi bildirilir. Bununla belə, yaşlı adamlara evdən küçəyə çıxmamaq həm də psixoloji cəhətdən ağırdır.
Bu halda yaşı 65-dən yuxarı olan tanınmışlar gününü necə keçirir, ev karantinində nə ilə məşğul olurlar?
Musavat.com-un sorğusunu cavablandıran 70 yaşlı deputat Elman Məmmədov bildirdi ki, hazırda iş başındadır.
Onun sözlərinə görə, Milli Məclisdəki otağında vətəndaşların ərizə və şikayətlərinə baxır, araşdırır, müraciətləri cavablandırır, müvafiq orqanlara yönləndirir.

E.Məmmədov qeyd etdi ki, boş vaxtdan söhbət gedə bilməz: “Ev və ya iş olsun, hər yerdə işimizi davam edirik.
Evdə fürsət olanda mütaliə edirik, medianı, dünyadan xəbərləri izləyirik, ötən gün prezidentin videokonfransına baxdım. Yəni, boş zaman az olur”.
Deputat vətəndaşları karantin rejiminə əməl etməyə çağırdı: “İnsanlardan xahişimiz var ki, qadağalara ciddi əməl etmək lazımdır.
Əgər istəyiriksə bu bəladan az itki ilə çıxaq, pandemiyanın ömrü qısa olsun, onda qadağalara və qanunlara əməl etməliyik.
Çünki bütün işlər vətəndaşımızın sağlığı üçündür və yeri gəlmişkən, bu müddətdə medianın xidmətini yüksək dəyərləndirirəm”.
66 yaşlı əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu musavat.com-a söylədi ki, evdə olur, karantinə riayət edir: “Əslində, icazəm var, amma hara gedim? Ona görə müsahibələr, çəkilişlər olanda skaypla qoşuluram”.
Şairin sözlərinə görə, bizim canımızda mərkəzdənqaçma meyli var: “İndi məcburən evdə qalmalıyıq, özümüzə qayıtmalıyıq.
İngilislərin məşhur bir kobud məsəli var – əgər görürsənsə səni zorlayırlar və çıxış imkanı yoxdur, onda zövq almağa çalış. Bu mənada indi evdə qalmağın da bir zövqü var”.
B.Vəziroğlu dedi ki, arxivində yazı, audio və video materialları yığışıb qalıb: “Bir dəfə də olsun bunlara dönüb baxmamışam.
İndi adam baxanda özünə sual edir ki, bu arxivi niyə yığmışdıq? Sən demə, keçmişə vaxtaşırı qayıtmaq lazım imiş….
Yəni, mənəviyyatın zənginləşməsi üçün evdə oturub keçmişə baxmaq lazımdır. Mən arxivdəki yazılarımı açıb baxıram, adama elə gəlir ki, sanki başqa müəllifi oxuyursan.
Foto arxivimdə elə şəkillər var ki, onlara baxanda özümü ittiham etmək, cinayət məsuliyyətinə cəlb eləmək istəyirəm.
Axı bir zaman həmin fotolarda olanlar həyatımızın bir parçasıydı. Onlardan bəzisi dünyasını dəyişib, bəzisi həyatdadır.
Şəkillərə baxanda adam özünə sual verir ki, nə vaxt rəhmətə gedənlərin uşaqları ilə maraqlandın, bir soruşdun ki, nəyə ehtiyacları var? Ona görə də ev karantini bir imtahandır.
Çünki koronavirus adamı həm ölümlə, həm də mənəvi cəhətdən bir sınağa çəkir. İnsana özünü tanımaq üçün bir meydan verilib: haradan gəlmisən, hara gedirsən, nə etmək istəyirsən…
Mən pandemiyadan əvvəl müsahibə verəndə belə danışmırdım, karantin adama həm də fəlsəfi danışmaq bəxş edir (gülür – E.S)”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, 79 yaşlı hüquq müdafiəçisi Novella Cəfəroğlu isə vəziyyətdən şikayətləndi:
“Mənim üçün çox çətindir. Ancaq bacım qızları gəlirlər, bazarlığımı edirlər. Ancaq bir dəfə də olsun Yasamal rayon icra hakimiyyəti qapımızı döyməyib. Biz Talıblı küçəsindəki “Geoloqlar evi”ndə yaşayırıq.
Burada yaşlı, tənha, xəstə, imkansız adamlar yaşayır. Bu adamları küçəyə buraxmırlar, onlara çörəyi kim alsın, zibilini kim atsın, dərmanını aptekdən kim gətirsin? Bunu özüm üçün demirəm, mənə köməyə gələn qohumlarım var. Amma “Geoloqlar evi”ndə yaşayan hamı belə deyil”.
N.Cəfəroğlu bildirdi ki, Yasamal İH-dən fərqli olaraq, Nərimanov İH xeyirxah işlər görür, ehtiyacı olan ailələrə yardım paylayır: “Deməli, bunu bütün icra hakimiyyətləri edə bilər. Bəs, niyə biri edir, o biri etmir?”
Hüquq müdafiəçisi əlavə etdi ki, rəhbəri olduğu təşkilatın İçərişəhərdə yerləşən ofisində çalışan gənc qızlar öz təşəbbüsü ilə gedib ahıl, imkansız adamlara köməlik edirlər: “İçərişəhərdə çoxlu kasıb adamlar var, qocalıblar, imkansızdırlar.
Bizə zəng edib deyirlər ki, icra hakimiyyətindən bir adam qapımızı döyməyib, yardım gətirməyib. Nə üçün hər icra hakimiyyəti yardım etmir? Əslində, bununla prezidenti pis vəziyyətə qoyurlar”.
73 yaşlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə adi iş günləri kimi çalışır:
“Bütün günü məşğulam, monitorinq, qiymətləndirmə, hüquqi yardım, zoomkonfrans və s. edirik. Sadəcə, çətinliyim övladlarımdan ayrı düşməyimdir”.

