“… azərbaycanlı tələbələr insanları təhdid edərək pul tələb edirmiş”
Son dövrlər gənclərin xaricdə təhsilə marağı artıb. Hər kəs əcnəbi bir ölkədə təhsil almaq arzusu ilə yaşayır.
Bir çox tələbə dil kurslarına qatılır, əcnəbi ölkədə təhsil imkanları ilə maraqlanır, hətta belə demək mümkündürsə, ölkədən baş götürüb qaçmağın yollarını axtarırlar.
Azərbaycanlı gənclərin xaricdə təhsil sevgisi haradan gəlir?
Minval.info məlumat verir ki, xaricdə təhsil alan və ya almaq arzusunda olanların əksəriyyəti təhsilin keyfiyyəti məsələsini gündəmə gətirirlər. Tələbə mübadiləsi proqramı ilə Estoniyada hüquq təhsili almış Bahar Əsgərova bildirib ki, praktiki dərslər bizim çatışmazlığımızdır:
“Avropada təhsil sistemindəki ən böyük müsbət daha çox təcrübəyə önəm vermələridir. Məsələn, miqrasiya barədə dərs keçirdik, bizi miqrantlarla görüşdürdülər. Artıq gələcək fəaliyyətimdə miqrantlarla işləyəsi olsam necə davranmalıyam, etikanı necə gözləməliyəm bilirəm, onların psixologiyasını anlamışam. Azərbaycanda isə ancaq nəzəriyyəni öyrənməyi tələb edirlər”.
Həmçinin tələbələr xaricdə təhsilin müstəqil həyata hazırladığını düşünürlər.
“Estoniyada təhsil aldığım müddətdə hər ölkədən, hər mədəniyyətdən insanla qarşılaşdım. Tolerant olmağı öyrəndim. Min eşitməkdənsə bir gedib görmək yaxşıdır. Elə həmişə deyirlər “Avropada yolda yıxılsan heç kim yaxın durmaz”, amma getdim gördüm ki vəziyyət tamam başqa cür imiş. Ailədən ayrı, tamam başqa mühitdə yaşamaq insanı məsuliyyətli edir”- deyə, Əsgərova əlavə edib.
Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev Azərbaycanlı tələbələrin ən çox seçdiyi ölkələrin bir neçə kateqoriya üzrə bölündüyünü deyib: “Tələbələr daha çox təqaüd təklif edən Macarıstan, Türkiyə və İtaliya kimi ölkələrə üstünlük verməyə başlayıblar. Bir də daha az xərclə oxumağın və yaşamağın mümkün olduğu ölkələri seçirlər, məsələn, Çexiya, Polşa, Litva”.
Ümumiyyətlə bu tendensiyanı xaricdə təhsil şirkətlərinin sayının artmasına da səbəb olub. Maraqlıdır ki, attestatla, hətta sanki kredit verirmiş kimi tək şəxsiyyət vəsiqəsi ilə xaricdə təhsil təklif edən qurumlar mövcuddur. Aşağı göstərici ilə xarici təhsil müəssisəsinə üz tutan tələbənin akademik uğurları da sual doğurur.
Fuad Hacıyev yüzlərlə tələbənin 6-7 il ərzində güc-bəla ilə məzun olduğunu bildirib: “Attestatla xaricə yollamaqda heç bir problem yoxdur. Eyni qaydada xarici tələbələr Azərbaycan universitetlərinə qəbul olurlar. Əsas məsələ budur ki, aşağı göstərici ilə xaricdə təhsilə qəbul olunan tələbələrin yarıdan çoxu məzun ola bilmir. Davamlı dərslərdə iştirak etməkdən tutmuş bir çox başqa məsələyə qədər problem var. Məsələn, çox utanc verici bir hal yaşanmışdı: Kastamonuda təhsil alan azərbaycanlı tələbələr insanları təhdid edərək pul tələb edirmiş. Yüzlərlə tələbə var ki, 4 illik universiteti 6-7 ilə birtəhər bitirir”.
Dəniz Kərimzadə
Minval.İnfo



