“Kimsə həyat yoldaşının saçını qırxıb, paylaşırsa…” – Məşhur kişilərin karantin problemi
Koronavirus epidemiyasının qarşısının alınması üçün dünyada karatin rejimi davam edir. Demək olar ki, bütün sahələr üzrə fəaliyyətlərə məhdudiyyətlər qoyulub. Bu isə insanların həyatına təsirsiz ötüşmür. Tanınmış simalar gözəllik salonlarının və bərbərxanaların bağlı olmasına diqqət çəkmək üçün saçlarını keçəl edən və təraş olan zaman çəkilən görüntülərini sosial şəbəkədə paylaşırlar.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarı ilə may ayının 4-dən etibarən ölkədə karantin rejimi yumşaldılacaq, bir çox sahələr fəaliyyətini bərpa edəcək. Onlar arasında gözəllik salonları və bərbərxanalar da var.
Bəs, bu müddət ərzində azərbaycanlı kişi məşhurlar bərbər problemini necə həll edib? Onlar xarici həmkarları kimi videolar çəkib, paylaşım etmək barədə düşünüb?
Musavat.com mövzu ilə bağlı tanınmış kişilər arasında sorğu aparıb.
“Bu şəhərdə” komandasının prodüseri Müşviq Abbasov bildirib ki, komandanın üzvləri olaraq evdə oturublar:
“Uşaqlarla, ailə ilə məşğuluq. Karantin günlərini fürsət bilib, 5 yeni səhnəcik hazırladıq. Biri koronavirusla bağlı olacaq. Karantin başlamamış başımı keçəl etdirmişdim. İndi isə gözləyirəmki, bərbərxanalar açılsın. Uşaqların da saçını özüm qırxıram. Artıq ikinci sənətim var, bərbər kimi çalışa bilərəm. Düşünürəm ki, Azərbaycanda artıq çox adam bərbərliyi öyrəndi”.

Müğənni Vüqar Muradov bildirib ki, karantin günlərində dostlarının saçını özü düzəldib: “Karantin günləri həyatımda çox şey dəyişmədi. Əvvəllər də evə bağlı biri idim. İndi daha çox evdə otururam. Karantin maddi sıxıntılar yaratdı. Çünki toylar, tədbirlər təxirə salındı. Həyatımda başqa heç nə dəyişmədi. Evdə studiyam var. Yeni mahnılar hazırlamışam, sənətlə məşğulam.
Evdə dostlarımın saçını qıxsam da, öz saçlarım iki aydır ki, uzanıb. Gözləyirəm bərbərxanalar açılsın. Məşhurların görüntülərini izləyirəm, maraqlı alınır. Pis heç nə yoxdur. Kimsə həyat yoldaşının saçını qırxırsa, burada ayıb heç nə yoxdur”.

Aktyor Elcan Rəsulov bərbərini evə çağırdığını deyib: “Karantinin ilk günlərində 11 gün evdə olmuşam, sonra işə çıxıb verilişləri çəkdim. Mənim saçımı bərbər İkram kəsir. Dövlət Televiziyasının aparıcılarının da saçını düzəltdiyi üçün buraxılışı var, işləyə bilir. Mən də dəvət etdim, bizim evdə saçlarımı kəsdi. Bərbər bir problemim yoxdur”.

Aparıcı Kamran Yaradanquliyev bildirib ki, efirə çıxdığı üçün bərbərini evə çağırır: “Həftəiçi efirdəyəm, efirdə olmadığım vaxtlar da hər gün işdəyəm. Çünki ATV operativ olaraq insanlara xəbərlər təqdim edir. Biz də süjet hazırlayırıq, işimiz çoxalıb.

Məşhurların hazırladıqları videolar qarşıma çıxdıqca baxıram. Xanımların bəylərinin saçını düzəltməsi maraqlıdır. Evlənəndə yaxşı gündə və pis gündə bir-birimizin yanında olmağa söz veririk. İndi pis gün olmasa da, çətin günlərdir. O videolara baxıb həvəsə gəldim ki, evdə saqqalımı düzəldim, amma alınmadı. Yaxnlıqda dostumuz var idi, birinci gün efirə çıxacağım üçün gəldi evdə düzəltdi”.

