Kommunistlər Putinə qarşı: payızda “Moskva baharı”?
Putin “ağır çəkili” fiqurları “Vahid Rusiya”nı sentyabrda seçkiyə aparmaqla görəvləndirib, kommunistlər isə iqtidardan üz döndərib; Tofiq Abbasov: “Sosial zəmində problemlərin artması kommunistlər üçün yeni imkanlar yaradır”
Rusiyada ötən həftə seçkilərlə bağlı mühüm qərarlar verilib. “Yeni Müsavat”ın xəbərinə görə, pandemiya ilə bağlı sentyabrın 17, 18, 19-da üç gün Dövlət Dumasına səsvermə olacaq. Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, “ağır çəkili” fiqurları “Vahid Rusiya”nı seçkiyə aparmaqla görəvləndirib.
Müxalifətin seçkidə iştirakına bəzi əngəllər yaradılsa da, hakimiyyət gözlənilməz müxalifətlə üzləşib. İllərdir sistem müxalifəti kimi hakimiyyətə loyal siyasət yürüdən Züqanovun rəhbərlik etdiyi Kommunist Partiyası Kremlin siyasətinə qarşı sərt mövqeyə keçib.
2020-ci ilin yayında açıq şəkildə konstitusiya referendumuna qarşı çıxan Kommunist Partiyasına Kremlin münasibəti indi ciddi şəkildə dəyişib. Onların Putinin siyasi hakimiyyətinin uzadılmasını da hədəfləyən bu düzəlişlərə heç olmasa bitərəf qalmağı deyil, məhz əleyhinə olmaları Kremllə “qırılma nöqtəsi” hesab edilir.
Siyasi analitiklər də inanırlar ki, Kommunist Partiyası payız seçkilərində federal mərkəzlə qarşılıqlı əlaqədən (sistem müxalifəti olmaqdan) çıxacaqlar. Bu isə Putin üçün yaxşı heç nə vəd etmir.
Züqanovu Qərbə, ABŞ-ın “çevriliş planlarına”, xarici agenturaya bağlamaq isə mümkün deyil. Kommunistlər sadə xalqa “stavka” edir və onlar Kremlin nəzarətindən çıxan Züqanov partiyasına həmişəkindən daha çox səs verə bilərlər…
Anlaşılan Putin Rusiyasını çətin seçki payızı gözləyir. Rusiyada kommunistlərin sərt müxalifətə keçməyi nə ilə nəticələnə bilər? Züqanovu da digər müxalifətçilərin taleyi gözləyə bilərmi?
Nəzərə alsaq ki, dünyanın iki böyük nüvə dövləti – ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Rusiyada keçiriləcək seçkilərə beynəlxalq maraq böyükdür. ABŞ-ın yeni prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini qatil adlandırması, bir neçə gün öncə keçirilən Cenevrə görüşü zamanı tərəflərin razılığa gələ bilməməsi, Baydenin görüşü vaxtından əvvəl tərk etməsi münasibətlərin bərpası istiqamətində gözləntiləri də puça çıxarıb.
Ehtimallar var ki, Rusiyada keçirilən seçkilər fonunda ABŞ və Qərb daxildə olan narazılıqları artırmağa çalışacaq. Bəs görəsən Belarusda yaşanan hadisələrin Rusiyada da təkrarlanması gözlənilirmi?

Tofiq Abbasov
Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyada solçuluq ənənələrini unutmaq olmaz. Onun fikrincə, şimal qonşuda kasıblığın bir kultu var: “Bu ölkədə kasıbçılıq rəğbətlə qarşılanır. Ona görə istisna deyil ki, kommunistlər bu dəfə parlamentdə daha çox yer alsınlar və təsir göstərsinlər. Hazırda Milli Rusiya, Liberal Demokrat və və Ədalətli Rusiya partiyaları var. Onlar arasında paylar bölünəcək. Hakim partiya yenə çoxluğu götürəcək. Amma Rusiyada sosial zəmində problemlərin artması kommunistlər üçün yeni imkanlar yaradır”.
Politoloqun özlərinə görə, Rusiyanın Uzaq Şərqində 90 faiz elektoral qüvvə hakimiyyətə qarşıdır və bunu gizlətmirlər: “Ural bölgəsində də elə regionlar var ki, hakimiyyətin əleyhinədirlər. Kommunistlər o yerlərdə güclü işləməyə çalışacaqlar. Amma Vahid Rusiya Partiyası birinciliyi əldən verməyəcək, sadəcə, kommunistlər mövqeyini möhkəmləndirəcəklər”.

Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə Ayna.az-a deyib ki, Rusiyada seçkilər sakit şəraitdə keçiriləcək: “Rusiyada seçkilər həmişə ənənəvi qaydada keçirilir və bu dəfə də belə olacaq. Hər hansı ciddi dəyişiklikləri gözləməyə dəyməz. Düzdür, bəzi ehtimallar səsləndirilir ki, guya Rusiyada da Belarusda yaşananlar baş verə bilər. Bu, qətiyyən mümkün deyil və tamamilə istisna olunur. ABŞ və Qərb Belarusda nəyə nail oldu ki, Rusiyada da nəyə nail olsunlar?! Digər yandan, Rusiya Belarus deyil. Putin daxili müqaviməti elə qırıb, müxalifəti də elə əzib ki, hansısa Belarus və digər ssenarilərin Rusiyada tətbiq olunması faktiki mümkün deyil. Odur ki, seçkilər planauyğun şəkildə, siyahılar tutularaq baş tutacaq. Necə ki, bundan qabaq olurdu, Putin kimləri istəyirdi, Dumaya seçdirirdi, bu dəfə də belə olacaq. Bunun əksini düşünmək sadəlövhlük olardı”.

Qabil Hüseynli
Professor Qabil Hüseynli isə hesab edir ki, payız seçkiləri gərgin atmosferdə keçəcək: “Bilirsiniz ki, Dumaya seçkilər yeni qaydalar əsasında həyata keçiriləcək. Qanunvericilik və Seçki Məcəlləsi elə mürtəce hala salınıb ki, faktiki olaraq müxalif fikirli insanların iştirakı mümkün deyil. Anti-Putin mövqeyində dayanan şəxslərin qeydiyyata alınması çox müşkül məsələdir. Bütün bunlar deməyə əsas verir ki, bu seçkilərə həm beynəlxalq birlik, həm də rus müxalifəti kəskin etiraz edəcək. Rusiya müxalifətinin lideri adlandırılan bloger Aleksey Navalnının həbsdə saxlanılması, ona və tərəfdarlarına qarşı həyata keçirilən repressiv siyasət narazı ovqatı daha da artıracaq”.
Qeyd edək ki, 166 üzvdən ibarət ikipalatalı Federasiya Şurası üzvlərinin bir hissəsi birmandatlı dairələrdən, digər hissəsi isə partiya siyahılarına əsasən 4 illik müddətə seçilən 450 deputatdan ibarət Dövlət Duması tərəfindən təşkil olunur. Seçicilər seçki dairəsindən keçən namizədlə yanaşı, həm də partiyaya səs verirlər.

