Koronavirusa yoluxan kinomuz – Sağalmağa ümid var?
“Kinoya ayrılan pulların hara xərcləndiyi bəlli deyil”
Uzun illər Azərbaycan kinosunda durğunluq yaşansa da, son illər bir-birinin ardınca yerli filmlər çəkilməyə başladı. Onlar arasında “My name is İntiqam”, “Xoxan”, “Oğlan evi” kimi filmlər izlənmə rekordu qırdı. Sadaladığımız filmlərin uğur qazanması kommersiya xarakterli olmasını, pul qazanmaq üçün ərsəyə gətirildiyi gerçəyini dəyişmədi.
Bütün bunlara baxmayaraq, ard-arda gələn uğurlar rejissorları, aktyorları, ssenaristləri həvəsləndirdi və bu sayədə yüzlərlə film çəkildi. Amma onların hamısı uğur qazanmadı. Təbii ki, onlar arasında uğurlular da oldu, uğursuzlar da.
Pandemiyanın bütün dünyada vüsət alması isə kino sahəmizdə yenidən səssizlik yaratdı. Bir yandan sərt pandemiya qaydaları, digər yandan maliyyənin olmaması milli kinomuzu çökdürdü, desək, yanılmarıq. Bəs koronavirusa yoluxan kinomuz “sağalacaqmı”? Yenidən dirçəlməyə ümid var?
Kinoşünas Aygün Aslanlı bildirib ki, dövlət filmlərə pul ayırsa da, çəkildiyi deyilsə də, ekran işləri təqdim edilmir: “Müstəqil rejissorlar artıq iş başındadır. Pandemiya zamanı kino sahəsində yaşanan durğunluq bitir. Dövlət sifarişli filmlər məsələsi isə qeyri-müəyyən durumdadır. Üç filmin çəkildiyi deyilir. Vaqif Mustafayevin “Həyat gözəldir”, Asif Rüstəmovun “Mərmər soyuğu”, Elçin Musaoğlunun “Məryəm” filmlərinin tamamlanma işləri gedir. Sadəcə ictimaiyyətə təqdim olunmur. Bildirilir ki, filmlər öncə xarici festivallarda nümayiş olunacaq. Filmlərin göstərilməməsinə səbəb bu göstərilir. Kinolar barədə xəbərlər eşitsək də, o filmləri görmürük. Kinoya ayrılan pulların hara xərcləndiyi bəlli deyil. Xəbərlər işin getdiyini göstərir, amma ortada nəticə yoxdur”.
Kino sahəsindəki durğunluqdan danışan rejissor Amil Məmibəyli Qarabağa həsr olunan filmlə festivala qatılmaq istədiyini dilə gətirib: “Pandemiya 2019-cu ildən başladı və daha sərt forması 2020-2021-ci illərdə füsət tapdı. Diqqət yetirsək, Mədəniyyət Nazirliyinin ino şöbəsində də dəyişikliklər demək olar ki, bu vaxtlara təsadüf edib. Bu iki-üç il ərzində biz pandemiyanı da yaşadıq, İkinci Qarabağ müharibəsini də. Ancaq rejissorlar, kino adamları deyərdim üçüncü travmanı da yaşayıb. Bu travma isə səriştəsiz adamların nazirlikdə müəyyən posta rəhbər vəzifəyə gətirilməsi olub. Həmin adamlar pandemiyadan da daha qorxunc və daha yoluxucu xəstəlik kimi bu gün kino adamlarının yaxasından qopmurlar. Ancaq bütün bunlara rəğmən bu gün ümidliyəm. Ümid edirəm ki, yeni yaradılan Kino Agentliyində edilən səhvlər təkrar olunmayacaq. Festival təcrübəsi olanlar yaxşı bilirlər ki Qarabağ mövzusu ilə hər hansı bir festivalda iştirak etmək nə qədər çətindir. Çünki festivalların çoxunda müharibə ilə bağlı ciddi konyukturalar var. Özü də sən indi qalib bir ölkənin rejissorusansa, bu daha da çətin olacaq. Əlbəttə ki, çıxış yolları mövcuddur. Çıxış yolu isə bu mövzunu içdən hiss edən və bu mövzuda artıq təcrübəsi və uğuru olan rejissorların bu işə cəlb oluması ilə olacaq”.
Rejissor Ramin Hacıyev bildirib ki, kino sahəsinin inkişaf etməməsinə səbəb maliyyə problemidir: “Pandemiya Azərbaycan kino, serial sənətində durğunluq yaratdı. Tək Azərbaycanda deyil, bütün dünyada durğunluq yaşanr. Lakin düşünürəm ki, yavaş-yavaş vəziyyət düzəlir. Əslində kino sahəsində durğunluq maliyyə olmayanda olur. Pul olarsa, pandemiyada belə kino çəkmək mümkündür. Maliyyəsiz incəsənətimiz ömürlük pandemiyada sayılır. Arzu edirəm ki, tezliklə kino sahəsi pandemiyadan çıxacaq. Qarşıdan da yay mövsümü gəlir, durğunluq davam edəcək. İnanıram ki, payızdan kino sahəsində dirçəliş olacaq”.
Aktrisa Zarina Qurbanova qeyd edir ki, istedadlı gənclər çoxdur, lakin pul yoxdur: “Hər dövrdə olduğu kimi əsasən gənclər həvəslidir, yaradıcıdır. Biz isə vəziyyəti qəbullanıb geri çəkilmişik. Gənclər isə kino sahəsindəki durğunluq reallığını nəzərə almadan var gücləri ilə çalışırlar, ideyalarını irəli sürürlər. Hazırda “Youtube”da yayımlanan “Səs” serialı reytinqlərdə öndədir, insanlar sevir, maraqla növbəti bölümlərini gözləyir. Serialda günümüzün gerçəkləri əks olunub, ailədaxili şiddət, qızların ailələri ilə yaşadığı problemlər, dostlar arasındakı münasibətlər göz önünə sərilib. Kino sahəsində durğunluğun səbəbi sponsor, pul olmamağıdır. Biz sənət adamları oturub dövlət hesabına çəkilən kinoları gözləmirik, gözləməməliyik. Əslində sponsorlar, maliyyə ayıranlar olsa, çox gözəl layihlər ərsəyə gələr. Çünki indiki gənclər çox istedadlıdır”.
Mehriban Xəlilli