“Lazımsız hesab olundum” – Gövhər Həsənzadə geri çəkilməyi haqda
“Etiraf edim ki, geri çəkildim. Bəstəkar heç vaxt tükənmir. İfa edən tükənə bilər. Ona görə ki, fiziki imkanlara bağlıdır. Küsmədim, bezmədim, tükənmədim. Tələbatın, müraciətin, mənə heç kəsin ehtiyacının olmadığını hiss etdim. Ümumiyyətlə, müraciətlər birdən bitdi”.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” verilişində bəstəkar Gövhər Həsənzadə deyib.
O, son illər geri çəkilməsinin səbəbini açıqlayıb:
“Müğənnilərimiz populyarlığa, ulduzluğa can atdı. Bu zaman isə qeyri-peşəkarlar ortaya çıxdı. Müğənnilərimiz çox azdır. Həmin o sənətçilərin üstünə isə axın oldu. Hər kəs onlara mahnı bəstələdi, şeir yazdı. Ulduz olan ifaçılarımızın onlara vizit kartı verən mahnılara ehtiyacı qalmadı. Hazırda mənim dövrümdə məşhur olan bəstəkarların heç biri ortada yoxdu. Mən lazımsız hesab olundum. Hiss etdim ki, mahnılarım bu müğənnilərə lazım deyil”.

