Əlbəyaxa davaya çıxanlar, söyüş söyənlər, özünü Vandam sananlar… – Efirdə baş verən biabırçılıqlar
Son vaxtlar efirlərdə aparıcıların, verilişə gələn qonaqların biabırçı davranışları, təhqir və söyüşlərlə danışmaqları artmaqda davam edir. Son olaraq xalq artisti Afaq Bəşirqızı “Elgizlə izlə” verilişinə zəng edərək təhqiramiz ifadələr işlədib. Onun səsi efirə tam getməsə də, xalq artistinin sözləri aydın başa düşülüb.
Lakin bu hadisə nə ilkdir, nə də son olacaq. Çünki dəfələrlə efirdə baş verən biabırçı hadisələrə görə telekanallar cəza alsa da, bu cür hadisələr təkrarlanmaqda davam edir.
Musavat.com son vaxtlar efirlərdə baş verən qalmaqallar və onlara görə verilən cəzalar barədə yazı hazırlayıb.
Mart ayında prodüser Tolikin aparıcısı olduğu “Hər şey daxil” verilişi bağlanıb. Buna səbəb müğənni Mətanət Əsədovanın canlı efirdə nalayiq ifadələr istifadə etməsi olub. Bundan sonra telekanalın yeni rəhbəri Murad Dadaşov Tolikin aparıcısı olduğu verilişin yayımını dayandırıb.
Ötən ilin ən qalmaqallı hadisəsi də elə verilişdə baş verib. “Space” televiziyasında yayımlanan “Hər səhər” verilişində müğənnilər Rəşad İlyasov və Rüfət Axundov qonaq olarkən “İnsaf da yaxşı şeydir” adlı mahnının ifa ediblər. Onlar mikrofonun qapalı olduğunu düşünərək, mahnının sözlərini təhqiramiz ifadələrlə dəyişiblər.
Sözügedən görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. Hadisədən sonra verilişin aparıcısı və texniki heyəti işdən azad olunub. R. Axundov çalışdığı Mədəniyyət Mərkəzindən qovulub və ona efir qadağası qoyulub.
R.İlyasov isə çalışdığı AZTV-dən 6 aylıq uzaqlaşdırılıb.
Bu hadisədən sonra xalq artisti Röyanın da verilişdə təhqiramiz ifadə işlətdiyi görüntülər sosial şəbəkədə yayılıb. Lakin Röyanın “Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidsə də , müğənni və veriliş cəza almayıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, sözügedən görüntülər efirə getməyib:
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir. Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür. ATV-də belə imkanlar var. Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşagəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”.
ARB telekanalında isə qalmaqallar, mübahisəli görüntülərə daim rast gəlmək mümkündür. Belə ki, “Sayqa ilə” verilişində baş verən hadisə tamaşaçıları, sözün əsl mənasında, şoka salmışdı. Verilişdə qonaq olan müğənni Afaq Aslana bir gənc evlilik təklif etmişdi. İfaçının qarşısında diz çökən 24 yaşlı gənc “Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışmasında görəndən sevirəm. Mənə “yox” desəniz, ömrümün sonuna qədər evlənməyəcəm” – deyib.
“Yox” cavabı alan oğlan ağlamağa başlayıb və ürəyi gedərək, yerə yıxılıb. Görüntülər qısa vaxtda sosial şəbəkələrdə yayılmağa başlayıb və tənqid olunub. Lakin veriliş barədə hər hansı tədbir görülməyib.
ARB-nin efirində daha bir qalmaqal isə Rövşanə Ağasəfqızının verilişində yaşanıb. Verilişdə rəqqasə Simona ilə idmançı Amirin mübahisəsi o həddə çatıb ki, onlar bir-birinə əl qaldırıblar. İdmançı “Oriyental rəqs görəndə ətim tökülür. Görmək belə istəmirəm” deyib. Verilişdə qonaq olan digər rəqqasə “Mənim də ”kaçok” oğlanlardan zəhləm gedir” deyərək qarşılıq verib. İdmançının yanında əyləşən Simonanın ona xitabən “Biz belə tərbiyəsiz deyilik” deməsi qarşı tərəfi qəzəbləndirib. O, qarşısındakı masanın üzərindəki stəkandakı suyu Simonanın üstünə atıb, ayağı ilə studiyadakı stulu qırıb. Bunun ardınca onlar bir-birinin üzərinə hücum edərək əlbəyaxa dalaşıblar.
Əməkdar artist Mehriban Xanlarovanın ARB TV-də yayımlanan “Canım sizə desin” verilişində də biabırçı hal yaşanıb. Aktrisa proqramına sosial şəbəkədə “Azəri Vandam” kimi tanınan oğlanı qonaq edib.
Veriliş zamanı M.Xanlarova qonaqla birlikdə şou nümayiş etdirib. Həmin an onların nümayiş etdirdiyi hərəkətlər sosial şəbəkədə tənqid edilib. İzləyicilər aktrisanın hərəkətinin yaşına uyğun olmadığını yazıblar. Verilişdə təpik atdığı üçün Mehribanın verilişi bağlanıb.

