Məhəmməd Hadi küçəsi prospektə çevrilir?
Gözlənilir ki, yol kənarında olan və qanunsuz olaraq tikilən bir neçə obyekt sökülsün
Xətai rayonu Məhəmməd Hadi küçəsinin pilot layihəyə düşməsi ilə bağlı məlumatlar yayılıb. Bu barədə “Yeni Müsavat”a xəbər verən sakinlər bildiriblər ki, küçənin prospektə çevrilərək, Zığ yoluna birləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda gözlənilir ki, yaxın gələcəkdə Məhəmməd Hadi küçəsində yol kənarında olan və qanunsuz olaraq tikilən bir neçə obyekt də sökülsün.
Təsadüfü deyil ki, Eldar Əzizov Bakı şəhərinin icra başçısı təyin olunduqdan sonra ilk abadlıq işlərinə Xətai rayonu ərazisindən başlamışdı. Həmin zaman metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarının yaxınlığında yerləşən bir neçə qanunsuz tikili sökülmüş, tikilməkdə olan obyektlərdə isə işlər dayandırılmışdı.
Bu ilin may ayında da Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı qalmaqal yaşandı. Həmin ərəfədə də Eldar Əzizov şəxsən əraziyə gələrək, problemin həllinə son qoydu. Ekspertlər bildirirlər ki, bütün bunlar Məhəmməd Hadi küçəsinin gələcək inkişafı ilə bağlı olan amillərdir.
Qeyd edilən ərazilərdə inşa olunan mənzillərin və obyektlərin də yenilənməsi, sökülməsi nəzərdə tutulur. Belə ki, Nazirlər Kabinetinin 2017-ci ildə 5 il müddətinə verilən 86 saylı qərarına əsasən Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, habelə bu və ya digər qərarda adı çəkilən rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri – yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçiriləcək.
Qərara görə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmalıdır.
Və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidir. Bununla bağlı Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayon icra hakimiyyətlərinə xüsusi tapşırıq da verilib.
“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bildirib ki, Xətai rayonunda bu cür işlərin görülməsi müsbət haldır:“Əvvəllər orada tinglər yetişdirilirdi. Heç bir yaşayış yox idi. Yəni Babək prospektində olduğu kimi orada zavodlar mövcud olmayıb. Bu baxımdan da ərazidən yol çəkilməsi, prospekt yaradılması, çökmə və digər bu kimi problem yaratmaz. Biz oranı saxlayırdıq ki, gələcəkdə park olsun. Ancaq sonradan binalar tikildi, ərazi yaşayış yerinə çevrildi. Ümumiyyətlə, hazırda Bakı yanlara doğru genişlənir. Mən bir zamanlar təklif etmişdim ki, Bakının mərkəzi hissəsini Badamdar və Şıxov yaylasına köçürək. Bakının köhnə hissəsini isə restavrasiya edib, çox binalar tikməmək olardı. Yəni bir sözlə, Bakını boşaltmaq, yükdən azad etmək mümkün idi. Bu ideya ilə bağlı Vaşinqtonda da olub, orada görüşlər keçirdim. Amerikadan qrant ayırmağa hazır olduqlarını bildirdilər. Lakin həmin zaman Bakı şəhərinin icra başçısı olan Rəfael Allahverdiyev məsələyə müsbət yanaşmadı. Onlara heç nə başa sala bilmədim və elə bir protokol verdilər ki, bununla hansısa iş görmək mümkün olmadı. İndi də orada işlər aparmaq mümkündür. Lakin bəzi tikintilər var ki, onları sökmək lazım gələcək. Badamdar laylasından Şıxov tərəfə böyük müasir mərkəz yaratmaq mümkündür. Dənizi də təmizləyib, əhali və turistlərin istifadəsinə vermək olar”.
Ekspert bildirib ki, “Xəzər adaları” layihəsinin də davam edəcəyi gözlənilir: “Ələtdə gələn ildən Azad Ticarət Zonasının yaradılması düşünülür. Bu zaman yəqin ki, qeyd etdiyimiz layihə də aktual olacaq. Hesab edirəm ki, Ələt ərazisində böyük şəhər kompleksi tikiləcək. Bu da gələcək üçün böyük imkanlar açacaq. Bakının cənub istiqamətində böyük inkişaf perspektivi olacaq. Deyilənə görə təkcə Çin hökuməti bu Azad Ticarət Zonasından 1200 hektar yer alıb və bu işə 2 milyard da pul ayrılıb. Birinci onlar başlayacaq və ardınca böyük inkişaf gələcək”.

