“Məhkumların ailələri əfv siyahısı üçün pul təklif edirdilər, 50 min avro…” – Hüquq müdafiəçisi
Sahib Məmmədovdan sensasion iddialar: “Vaxtilə siyahı tərtib edənlər sonradan özləri siyasi məhbus olublar və onların üzərindən alver başlayıb”
“Bu gün Azərbaycanda hamı işini-gücünü atıb, əfv siyahısı tərtib etməklə məşğuldur”.
Bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımda hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.
Musavat.com xəbər verir ki, S.Məmmədovun sözlərinə görə, Azərbaycanda bu siyahını tərtib edənlərlə bağlı şübhəli məqamlar var: “İndi deyirlər ki, Avropa Şurasının kriteriyalarına əsasən kimlər siyasi məhbus ola bilər, kimlər yox. Norveçdə Breyvik siyasi məhbusdur. Çünki o, terroru həyata keçirəndən sonra elan etdi ki, mənim məqsədlərim siyasi idi. O, siyasi məhbus kimi tanınır. Amma heç kəs tələb etmir ki, o, azad olunmalıdır. Siyasi məhbus kimi tanınan hər bir kəs o demək deyil ki, azadlığa çıxmalıdır. 94-cü ildə bizdə metronu partladan iki nəfərin adı siyasi məhbusların siyahısındadır. Bunlar 54 nəfərin qətlinə səbəb olmuşdu. Onlar məhkəmədə demişdilər ki, biz Azərbaycanın bir hissəsini qoparmaq və Rusiyaya birləşdirmək istəyirik. Bu da bir siyasi niyyət idi. Onlar da bu siyahıdadır”.
S.Məmmədov bildirib ki, hərənin öz siyahısı var. Vaxtilə üzv olduğu, sonra isə ordan ayrıldığı Monitorinq Komitəsinin bir siyahısı, Leyla Yunusun da içində olduğu başqa bir qrupun fərqli siyahısı var: “Başqa bir nəfərin də başqa siyahısı var. O da Əvəz Zeynallını ittiham edir ki, onların siyahısında niyə bu qədər adam var. Bu siyahılar ona görə çoxdur ki, bu, bir biznesdir. Hamı da maraqlıdır ki, bu siyahılar bəzəkli olsun. Bu gün bizim siyahını bəzəyən insanlar var – İlqar Məmmədov, Gözəl Bayramlı, Əfqan Muxtarlı… Əvəz Zeynallı məhbus olanda özü və ailəsi yardım alıbmı? Amma Azərbaycana neçə milyon ayrılıb. Amma onlar bu yardımı almayıblar. Bu, bir biznesdir. Bu gün siyahıda 160 nəfər varsa, sabah olacaq 200, o biri gün 210… Bu siyahı azalmayacaq. Məhkum ailələrinin saxlanmasına və onların müdafiəsinin təşkilinə vəsaitlər ayrılır. İkincisi, bunu siyasi təzyiq kimi Azərbaycana qarşı istifadə edənlərin əlində vasitə olsun deyə pullar ayrılır. Vəsait ayrıldıqca buna qoşulmaq istəyənlər də artır və naşılıq əmələ gəlir”.
S.Məmmədov eyni zamanda vurğulayıb ki, azad olunması zəruri olan insanlar var. Bu məsələdə digərləri ilə həmrəy olduqlarını deyən hüquq müdafiəçisi “niyə Ermənistanda, Gürcüstanda, İspaniyada böyük siyahılar olduğu halda, bunun ətrafında böyük ajiotaj yoxdur, amma Azərbaycanda var” deyə sual etdi: “Bu məsələni həll etmək, bizim ictimai xadimlərin azad olunması üçün bu siyahıların uzadılması onlara kömək etmir. Çünki siyahılar nə qədər uzun olsa, bir o qədər fərqli fikir yaradır. Hökumət baxır ki, filan şəxsi tutublar, verilən cəza adekvat olmayıb, hakim öz səlahiyyətindən sui-istifadə edb. Bu da düşürdü həmin siyahıya. Mən bu prosesin içindən 2007-ci ildə niyə getmişəm? Görürdüm ki, gəlirdilər, məhkumların adamları, ailələri kobnkret pullar təklif edirdilər. 50 min avroya qalxmışdı qiymət… İctimai xadimlərin, cəbhəçilərin təbii ki, beş qəpiyi də yoxdur”.
Hüquq müdafiəçisi bildirib ki, siyahıları tutmaq problem deyil. Amma bu siyahıları peşəkarlar tutmalıdır: “Onların hamısını təsnifatlaşdırın. Ucarın hansısa kəndində ot daşıyanda qanunsuz ot biçdiyinə görə həbs olunan adamla siyasi məhbusları bir siyahıya salmayın. Vaxtilə siyahı tərtib edənlər sonradan özləri siyasi məhbus olublar. Onların üzərindən alver başlayıb. Bircə nəfər var ki, onun adı ilə nə qədər pullar yeyilib”.

