Məşhur ticarət mərkəzinin sahibindən şikayət: “Pulumuzu ödəmir” – FOTOLAR
Ortada məhkəmə qərarı olsa da, obyekt sahiblərinə dəyən ziyan ödənmir.
2013-cü ildə Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzində yanğın baş verib. Nəticədə 1000-ə yaxın ticarət obyekti yanıb. Yanğın zamanı sahibkarlara ümumilikdə 14 milyon manatdan çox ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İsməil Bayramovun barəsində cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
İndi isə Sumqayıt sakinləri bu hadisə görə, onlara dəyən zərərin ödənilməməsindən şikayətçidirlər.
Bu barədə minval.info-ya Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva müraciət edib.
Şikayətçilərin sözlərinə görə, o zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ediləcək ödəniş sahibkarlar arasında bölünəcək:
“Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir. Halbuki biz neçə illərdir müqavilə əsasında fəaliyyət göstərmişik, “Karvan”ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz də var. Amma hüquqi şəxs kimi “Karvan” Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da, indi kimlərəsə arxalanaraq gah sığortanı, gah başqa şeyləri bəhanə gətirərək, bizə dəyən ziyanı ödəmək istəmir”.
Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladılıb və bu, uzun müddət davam edib.
Şikayətçilər söyləyir ki, 9 ay müddətində bütün dəlil və sübutları onlardan alıblar: “Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi”.
Obyekt sahiblərinin sözlərinə görə, bazarla olan müqavilədə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir: “Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik”.
Onlar deyir ki, döymədikləri qapı, müraciət etmədikləri dövlət qurumu qalmayıb: “Göndərdiyimiz bir topa sənədlərin fotosundan görmək olur ki, şikayətlərimiz rekord sayda-minlərlə olsa da bəzi məmurların, hansısa “böyük bir sirli qüvvənin” səbəbindən biz öz halal pullarımızı ala bilmirik. Bizim döymədiyimiz qapı, müraciət etmədiyi dövlət qurumu qalmayıb, amma xeyri yoxdur. Bir neçə dəfə bizim şikayət mətbuatda da dərc olunub, lakin bizim məsələyə nə rəsmi orqanlar tərəfindən müsbət reaksiya gəlməyib, nə də “Karvan”ın rəhbəri Kamil Əhədov tərəfindən”.
“II qrup əlil olan Dilavər Abdullayeva xəstə-xəstə bu yaşında çoxsaylı məhkəmələrə gedərək öz haqqını tələb etməyə məcburdur. Çünki “Karvan”da yanğın onu müflis edib, maddi vəziyyəti ağırlaşıb. Yanan malların pulunu vermək üçün o evini girov qoyub bankdan pul götürmək məcburiyyətində qalıb. İndi banka da pulunu 2 aydır verə bilmədiyinə görə onun evini əlindən almaq istəyirlər. Ödəniş üçün vaxt qoyulub” – şikayətçilər bildirib.
Onlar deyir ki, “Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da alıb. Amma bu puldan zərərçəkənlərə verilməyib.
Yazıda adıçəkilənlərin mövqeyini dərc etməyə hazırıq.
Sani / Minval.info




