“Maşın” şouda ciddi dava, şounu tərk edən bəlli oldu – “Tərbiyəsiz, üzr istə, çömçə…” (Video)
Bu gün qalmaqallı “Maşın” realiti-şounun növbəti buraxışı yayımlanıb.
Minval.info xəbər verir ki, bu dəfə reper “Qurd”un oyunda qalıb-qalmaması səsvermənin nəticəsindən asılı olub. O, çıxışı zamanı konkret hədəfinin olduğunu söyləyib. Reper “mən sağ göstərib, sol vurmayacam” deyərək aparıcı Aytən Səfərovaya da söz atıb. Ardınca isə səs toplayacağı halda teleaparıcı İlhamə Bədəlovanı çıxaracağını bildirib.
Şouda gün ərzində baş verənlərlə bağlı kadrlar efirdə yayımlanarkən vayner Hüseyn Əzizoğlu diqqət mərkəzinə düşüb.
Belə ki, reper Qurd maşın ətrafında dayananlardan şəklinin qutuya atılmasını istəyib. Müğənni Abbas Bağırov isə ondan kiminlə mübarizə aparacağını soruşub. Reper kişilərdən birini oyundan uzaqlaşdıracağını söyləyib. Bu zaman vayner Hüseyn Əzizoğlu “mən kişi deyiləm, uşağam, məni saymayın” deyib.
“Qurd”un hədəfinə gəlincə, bu gün iştirakçılar arasında dava olub, nəticədə təcili yardım maşını çağırmaq zərurəti yaranıb. Buna səbəb aparıcı İlhamə Bədəlova ilə müğənni Rahidə Baxışova arasında mübahisənin yaşanması olub. Sənətçi Roza Zərgərli çıxışı zamanı danışarkən davadan məluma verib və “az qalsın saçyolduya çıxsınlar” deyib. Bu üzdən R.Baxışovanın halı pisləşib və tibb işçiləri ona yardım göstərib.
Mübahisədən sonra bu gün səsverməyə çıxan reper Qurd “Qalsın”a çox səs gələrsə aparıcını oyundan uzaqlaşdıracağını deyib.
Şou zamanı aparıcı Mətanət Əliverdiyeva ilə müğənni Roza Zərgərli arasında ciddi mübahisə yaşanıb. Onlar bir-birinin ünvanına kobud sözlər söyləyib. Hətta “yuyulmamış çömçə”, “tərbiyəsiz” kimi ifadələrə yol verilib. Murad Dadaşov isə onları sakitləşdirməkdə çətinlik çəkib. Nəticədə iştirakçıların mikrofonunun səsini kəsməyə məcbur qalıb.
Sonda səsvermənin nəticələrinə görə reper Qurd yarışmada qala bilməyib. Belə ki, “Getsin”ə daha çox səs gəlib və o özü verilişi tərk edib.
Qeyd edək ki, iştirakçılar oyun boyunca dünən aparıcı Aytən Səfərovanın səsvermədən sonra həmkarı Mətanət Əliverdiyevanı şoudan uzaqlaşdırmamasına görə ona söz atıblar.

