“Meyxanaya kriminal element, pis vərdiş, söyüş gətirdilər”
“Mənim fikrimcə, meyxana çox geriyə gedib. Baxır hansı tərəfdən yanaşırsan. Sırf meyxanadan söhbət gedirsə, yaxşıdır: trenddədir, istedadlı meyxanaçılar çıxıb, camaat həddindən artıq sevir. Əsasən də kişilər. Amma mən onun gerilədiyini düşünürəm. Hətta mənim çəkdiyim əziyyət də hədər olub. Çünki mənim dövrümdə deyirdim ki, məndən zəhləsi gedənə də meyxananı sevdirim”.
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Səhərin səsi” proqramında deyib. Meyxananın hazırki vəziyyətindən şikayət edən Namiq xanımların bu sahədən uzaqlaşdırılmasından bəhs edib:
“Konsertlərimə xanımlar gəlirdi. Bir neçə dəfə mübahisəli məqamlara baxmışam. Meyxananı tənqid edən adamlarla ifaçılar üzbəüz otururlar. Fakt kimi onların qabağına qoyublar ki, meyxana məclislərinə niyə qadınları buraxmırlar? Bunu meyxanaçılar da o qədər unudub ki, qəbul ediblər. Onların heç yadına düşmür, elə bir dövr olub ki, meyxana konsertlərində qadınlar daha çox olublar. Bunu yutubda da axtarıb tapa bilərsiniz. Mənim konsertimə xanımlar gəlirdi. Ona təəssüflənirəm ki, o publika getdi”.
Qaraçuxurlu bildirib ki, buna səbəb gənc meyxanaçıların ifa zamanı qeyri-etik ifadələrdən istifadə etməsidir:
“Çünki meyxanada müəyyən həddlər aşıldı. Cavan uşaqlar kriminal elementlər, pis vərdişlərdən meyxana dedilər, bir az söyüş oldu. Belə-belə aləm dəyişdi. Bir neçə cavan gəldi ki, onlar həm yaxşı meyxana deyirdilər, həm də yaxşı populyarlıq qazanmışdılar. Amma onların düşüncəsində problem oldu. Dedilər ki, populyar olmuşam, indi nəsə etməliyəm. Həmişə gördüyü yox, yeni bir şey. Onlar düşündülər ki, populyar olmuşam, toylar çoxalıb, qiymətimi qaldırım, pulumu qazanım. Mən meyxana deyirdim, toylara gedirdim, eyni zamanda albom işləyirdim. Aydın, Mehman və mən üçlük idik, bir toya gedirdik. Məclisdən sonra hamı çayxanaya gedirdi, mən evə gedib yazırdım, pozurdum. Bilirdim ki, nəsə etməliyəm, mənim indi etdiyimi məndən öncə hamı edib. Albom, sonra klip, rəvayətim çıxdı, qazancım çoxaldı, konsert etdim: “Şəfa” stadionu, Kreml. Mən düşünsəydim ki, nəyimə lazım, pulumu qazanım. Onda heç nə olmayacaqdı. Bizim bəzi gənclərimizdə bu baş verdi”.
Meyxanaçı yeni yaranan musiqi janrından danışarkən “Məndən öncə də musiqili meyxana var idi, amma mən bir az aranjiman, kliplə etdim. Təzə bir janr yaranıb, ondan qorxmaq lazım deyil. Bayağılardan danışmıram. Ona ad qoyulmalıdır. Savadlı insanlar yeni çıxanları baltalayırlar, amma bu, reallıqdır. Düşünüb buna ad qoymalıdırlar. Düşünürəm, amma ad tapa bilmirəm, bir neçə dostuma demişəm ki, fikirləşsinlər. Yeni janr yaranıb, düş qabağa, buna ad qoy. 100-200 il sonra desinlər ki, filankəs belə bir janra ad qoyub” sözlərini əlavə edib.