Milli Məclisdə BNA-nın fəaliyyəti kəskin şəkildə tənqid edildi
Deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən söhbət açıb.
Minval.info xəbər verir ki, parlament üzvü dövlət qurumunun gördüyü işləri tənqid edib. O, həmçinin piyadaların təhlükəsizliyi ilə bağlı BNA-nın fəaliyyəti ilə bağlı iradlarını bildirib.
“Əvvəlllər dayanacaqların təmizliyi, yollarda piyada zolaqlarının çəkilişi nisbətən normal qaydada tənzimlənirdi. İndi bu səlahiyyət aylardır Bakı Nəqliyyat Agentliyinə verilib, artıq nə dayanacaqlar yuyulur, nə də pozulmuş zolaqlar bərpa olunur. Ancaq dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini birmiş hesab edirlər” – deputat söyləyib.
- Deputat Fazil Mustafa
O deyib ki, ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, BNA isə bu xidməti göstərməyə laqeyd yanaşır: “Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm, içinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər”.


