Milli Məclisin növbəti deputatına qarşı təxribat?! – Video

İki gündür sosial şəbəkələrdə Milli Məclisin sədr müavini Bahar Muradovanın narazılığa səbəb olacaq fotosu paylaşılır.
Şəkilin üzərində parlament üzvünün “Əhali yoxsul yaşamağa öyrəşsin” sözlərini qeyd edilib.
Lakin Bahar Muradovanın köməkçisi Elman Aslanov məsələ ilə bağlı modern.az-a açıqlamasında bunları deyib:
“Bu cür əsassız və heç bir sübutu olmayan yalan informasiyalara inanmaq lazım deyil. Sözügedən məsələ ilə bağlı 2 il bundan öncə bəzi bədxahlar tərəfindən yayılmış informasiyanın şər və böhtana bağlı olduğu, cəmiyyətdə ajiotaj yaratmaq və gözdən salma məqsədi daşıdığı sübuta yetirilib. 2016-cı ilin dekabr ayında keçirilən büdcə müzakirələri zamanı nəinki Bahar xanım, həmin iclaslarda iştirak edən heç bir dövlət nümayəndəsi bu cür fikir səsləndirməyib. Bunu açıq-aydın iclasların bütöv şəkildə “youtube” səhifəsinə yerləşdirdiyimiz videolarında da görə bilərsiniz. Ortadakı şübhələri və qərəzi aradan qaldırmaq üçün məsələyə həssas yanaşan hər kəsi həmin materiallara baxmağa dəvət edirəm”.
Minval.info xatırladır ki, bundan öncə deputat Qənirə Paşayevanın adına saxta facebook profili açılıb. Milli Məclis üzvü buna sərt reaksiya verib, həmçinin belə addım atan şəxs haqqında “tərbiyəsizlik” və “əxlaqsızlıqdır” deyib. Eyni zamanda saxta profilin qeydiyyatdan keçirilməsi təxribat kimi qiymətləndirilib.
Minval.info

