Modelyer məhkəmədə huşunu itirdi – oğurluq işinin təfərrüatı
Modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq işinə görə məhkəmə başlayıb.
Minval.info xəbər verir ki, bu işdə təqsirləndirilən şəxslər Leyla Əhmədovanın işlətdiyi obyektin sahibləri- Tofiq Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun törətdiyi məlum olub.
Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında məlum olub ki, üç nəfərdən yalnız Ceyhun Eyvazov barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki şəxs isə ev dustaqlığındadır.
Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkmiş Leyla Əhmədovanın vəkili vəsatət qaldırıb. Vəkil digər şəxslər barəsində də həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Təqsirləndirilən N.Ağayevin vəkili isə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib.
Leyla Əhmədova məhkəmədə göz yaşlarını saxlaya bilməyib.
Bu zaman onun halı pisləşib və ürəyi gedib. Yerə yıxılan L.Əhmədova başından xəsarət alıb.
Məhkəmə nəzarətçisi Nuru Müzəffərov xəsarət alan Leyla Məmmədovaya ilkin yardım göstərib. Daha sonra təcili yardım çağırılıb.
Məhkəmə vəsatətləri təmin etməyib və baxış iclası dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb.
Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.
L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”
Leyla Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb.
Onun sözlərinə görə, bir zirzəmi və 3 mərtəbədən ibarət olan obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə L.Əhmədova arasında əldə olunan razılaşmaya əsasən icarədar obyektə təmir işləri aparmağı və sonrakı dövrdə təmirə xərclədiyi vəsait hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş. L.Əhmədovanın sözlərinə görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçiliklər törətməyə başlayıb: “Mən təmirə 1 milyon 100 min manat pul xərcləmişəm. Amma 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın 3-cü mərtəbəsini əlimdən aldılar. Orada 15 yeni kondinsioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın 2-ci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq. Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.
L.Əhmədova bildirib ki, mülk sahibi ilə aralarındakı problem orada fəaliyyətə başladıqlarından 3 ay sonra yaranıb. Belə ki, obyekt sahibi müxtəlif bəhanələrlə mülkün işığını söndürüb, qazı, suyu kəsib, kanalizasiya xəttini bağlatdıraraq obyektin işləməsinə imkan verməyib və icarədara külli miqdarda ziyan vurub. O bildirib ki, obyektin icarə müqaviləsinin rəsmi dövlət orqanlarında rəsmiləşdirilməsi zamanı da N.Ağayev saxtakarlığa yol verib. Belə ki, əvvəllər mülk sahibinin həmin binada 2 mənzili olub. Bu mənzillərin ümumi sahəsi isə 108 kvadrat metrdir: “9 nomrəli natariusda müqavilə rəsmiləşdirilən zaman N.Ağayev həmin 2 mənzilin kupçasını təqdim edib və qeyri-yaşayış sahəsini yaşayış sahəsi kimi göstərib. Amma bizimlə imzaladığı müqavilədə 1800 kvadrat metrdir”.
L.Əhmədova bildirib ki, N.Ağayevin yol verdiyi ən böyük saxtakarlıq isə icarəyə dair müqavilə ilə bağlı olub: “Biz əvvəlcədən belə razılaşmışdıq ki, müqavilə təmir yekunlaşandan və biz burada fəaliyyətə başlayandan sonra imzalansın. Amma N.Ağayev öz maraqlarına uyğun müqavilə hazırlayıb və bunu mənim həyat yoldaşımın işçisi olan 1 nəfər təcrübəsiz gəncə imzalatdırıb. Həmin müqavilə ilə biz tanış olandan sonra məlum oldu ki, müqavilə tamamilə N.Ağayevin maraqlarına uyğun hazırlanıb, orada qeyd olunub ki, bütün vergiləri biz ödəməliyik. Bu isə icarə haqqının üstünə böyük məbləğdə əlavə pulun gəlməsi deməkdir.”
Aralarında yaranmış problem dərinləşdikcə orada fəaliyyət göstərmək qeyri-mümkün hala gəlib. Belə bir vəziyyətdə L.Əhmədova mülk sahibinə yeni razılaşma əldə edilməsi ilə bağlı təklif verib: “Çünki artıq mülkün 2 mərtəbəsini əlimdən almışdılar. Nizami Ağayevlə imzaladığımız yeni müqaviləyə əsasən, zirzəmi və 1 mərtəbənin istifadəsinə görə, hər ay 14 min manat icarə haqqı ödəməli idim. Lakin N.Ağayev bu müqavilənin hazırlanması zamanı da saxtakarlığa yol verib və vergiləri ödəməyi mənim üzərimə qoymuşdu. Mən ölkədə baş vermiş devalvasiyaya görə, yaranmış durumu nəzərə alaraq mülk sahibindən xahiş etdim ki icarə haqqında müəyyən endirimlərə getsin, amma o, bunu etmədi. Bundan başqa binanın 2-ci və 3-cü mərtəbəsinin təmirinə xərclədiyimiz pulu da söz verməsinə baxmayaraq, geri qaytarmadı. Qeyd edim ki, bir mərtəbənin təmirinə 80 min manat, digərinə isə 67 min manat pul xərcləmişəm”.
Belə bir vəziyyətdə tərəflər arasında hüquqi müstəvidə çəkişmə başlayıb. N.Ağayev L.Əhmədovanın mülkdən çıxarılması üçün Xətai rayon məhkəməsində iddia qaldırıb. Mülk Yasamal rayonu ərazisində yerləşməsinə baxmayaraq, N.Ağayev Xətai rayon məhkəməsinə müraciət edib. Çünki L.Əhmədovanın şəriki və tərəflər arasında bağlanmış müqavilədə əsas şəxs kimi göstərilmiş Quliyev Anar Cavanşir oğlu Xətai rayon sakinidir: “Nizami Ağayev məhkəmədə iddia qaldırandan sonra biz də qarşılıqlı iddia ilə çıxış etdik və məhkəmə çəkişməsi başa çatana qədər Nizami Ağayevin bizə maneçilik törətməməsini, işimizi normal şəraitdə davam etdirilməsinə imkan yaradılmasını tələb etdik. Xətai rayon məhkəməsinin hakimi Namidar Misirzadə iddiamızı təmin etdi və bizim xeyirimizə qərar verdi. Hakimin verdiyi icarə vərəqində məhkəmə çəkişməsi başa çatana qədər Nizami Ağayevin bizə maneçilik törətməməsi, qaz, işıq, su və kanalizasiya xətlərinin açılması qeyd olunmuşdu”.
Hakim qərardadı həyata keçirmək üçün mülkün yerləşdiyi Yasamal Rayon Məhkəməsinə göndərib. Qərardadı həyata keçirmək məhkəmənin icraçısı Ruslan Əsgərova tapşırılmışdı: “Amma icra vərəqindəki tələbləri həyata keçirmək mümkün olmadı. Çünki Ruslan Əsgərov cavabdehlər Nizami Ağayev və Azər Lütfəliyevi tapa bilmədi. Onlar tapılıb həmin icra vərəqinə imza atmalı idilər. Sonda icraçı Ruslan Əsgərov, Nizami Ağayev və Azər Lütfəliyevin məhkəməyə zorla gətirilib icra vərəqini imzalaması haqqında vəsatət qaldırdı. Lakin Yasamal rayon məhkəməsinin hakimi Zəfər Quliyev iddianı təmin etmədi. Beləliklə, Xətai rayon məhkəməsinin icra vərəqi həyata keçirilmədi”.
Bir müddət sonra Xətai rayon məhkəməsi N.Ağayevin şikayətini təmin edib və Leyla Əhmədovanın mülkü boşaltması haqqında qərar çıxarıb. Məhkəmənin qərarına görə, L.Əhmədova gecikdirilmiş icarə haqqı kimi N.Ağayevə 270 min manat pul ödəməlidir. Məhkəmənin qərarı tamamilə əsassızdır: “Əvvəla məhkəmə mənim buraya xərclədiyim 1 milyon 100 min manat vəsaiti nəzərə almayıb. Bu iş üzrə ekspertizanın rəyi da saxtadır. Ekspertiza təmirə xərclənən məbləği 430 min manat göstərib. Amma onlar yalnız gözlə görülən hissələrdə aparılan təmir və görülən işləri qiymətləndiriblər. İşıq xətlərinin çəkilməsi, su xəttlərinin yenilənməsi və çəkilməsi kimi xərcləri ekspertlər nəzərə almayıblar. Ona görə də müstəqil ekspertiza apardıq. Ekspertiza aparan şəxslər məhkəmədə çıxış edərək dövlət ekspertizasının düzgün aparılmadığını dedilər. Amma hakim Namidar Misirzadə bunu nəzərə almadı”.
Xətai Rayon Məhkəməsi qərar verdikdən bir müddət sonra N.Ağayev L.Əhmədovadan mülkünü boşaltmasını tələb edib. “Mən isə dedim ki, təmirə xərclədiyim 1 milyon 100 min manatı ödə, çıxım. Amma o bununla razılaşmadı və mənə deyir ki, yalnız 250 min manat ödəyə bilərəm”, – L.Əhmədova deyib.
N.Ağayevlə L.Əhmədova arasında mülk mübahisəsinə dair ən böyük qalmaqal sentyabrın 26-da – ölkədə Konstitusiyada əlavə və dəyişiklərə dair referendum keçirilən gün baş verib. L.Əhmədovanın sözlərinə görə, səhərə yaxın N.Ağayevin öyrədib göndərdiyi şəxslər obyektə basqın ediblər: “Bilirdim ki, Nizami Ağayev zorla buranı mənim əlimdən almaq, içəridə olan əmlakımı dağıdıb məhv etmək istəyir. Ona görə də bura mühafizəçi qoymuşdum. Səhərə yaxın mühafizəçi zəng etdi ki, 15 nəfərdən ibarət dəstə obyektə basqın edib, qapını sındıraraq içəri daxil olublar. Bizim mühafizəçini də döyüb xəsarət yetirərək bayıra çıxarıblar”.
Amma N.Ağayevin özəl mühafizə xidmətlərinin birindən tutduğu şəxslər qapını kəsiblər və L.Əhmədovanı içəri buraxmayıblar: “Məni içəri buraxmadılar. Binanın dam hissəsində yerləşən şaxtadan istifadə edərək içəri keçə bildim. İçəri daxil olanda min bir əziyyətlə ərzəyə gətirdiyim işdən əsər-əlamət qalmadığını gördüm. Nizami Ağayevin göndərdiyi şəxslər də içəridə idilər. Mən onlardan, onlar da məndən obyekti tərk etməyi tələb etdik. Qapıda dayandıqlarına görə, içəri heç kimi buraxmırdılar. Faktiki olaraq, məni Bakının ortasında girov götürmüşdülər”.

