Müdiri ilə birlikdə özünü partlatmağa cəhd edən şəxsə ağır cəza kəsildi
Müdirini öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Şirin Astanov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə bu ilin martında Sumqayıtda yerləşən “Azkompozit” MMC şirkətində baş verib.
Şirkətin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov direktor Rəsul Baxşəliyevin kabinetinə gəlib və ondan əvvəlki işinə bərpa olunmasını tələb edib. Tərəflər arasında mübahisə yaranıb.
Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb və direktorun otağına atıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

