Murad Dadaşov dünyasını dəyişən həkim haqda: “Xəbəri alandan bəri özümə gələ bilmirəm”
“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.
Minval.İnfo xəbər verir ki, Səbinə Mirzəyeva hər kəs tərəfindən tanınan və sevilən həkimlərdən biri idi.
Onu tanıyanlar arasında məşhur şoumen Murad Dadaşov da var. O, “instagram” hesabında S.Mirzəyeva haqqında bu sözləri yazıb:
“Həyat təcrübəmiz və yaşadıqlarımız az deyil deyə, dost qazanmağın çox çətin olduğunu yaxşı dərk edirik… Bu gün əziz dostumuz dr.Səbinə Mirzəyevanın vəfatı ilə bağlı xəbəri alandan bəri hələ də özümə gələ bilmirəm. Bir ildən artıq müddət idi ki, onunla əməkdaşlıq edirdik və bu üzdən çox doğmalaşmışdıq. Bəlkə də buna görə bu xəbər mənə daha çox ağır gəlir. Səbinə xanım kimi səmimi insanları, belə özəl və dəyərli dostları tapmaq asan deyil…
Ailəsi üçün dəyərli bir övlad, biz dostları üçün əvəzolunmaz sirdaş olan Səbinəmiz Allahdan ən gözəl hədiyyə payı idi hər birimiz üçün…
Səbinə xanıma Allahdan rəhmət diləyir, valideynlərinə və yaxınlarına isə səbr arzulayıram… Allah rəhmət eləsin!”
Minval.İnfo


