Mutasiyaya uğramış koronavirus sürətlə yayılır
Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni növ koronavirus sürətlə yayılmağa başlayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, virus bu dəfə İtaliyada ortaya çıxıb. “B.1.1.7 SARS-CoV-2” virusu İngiltərədən Romaya gələn bir sərnişində aşkarlanıb.
Həmin şəxsin hazırda Celio Hərbi Poliklinikasının Elmi Şöbəsində saxlanıldığı bildirilib. İtaliya Səhiyyə Nazirliyi qeyd edib ki, sözügedən xəstə ilə birlikdə təyyarədə olan digər sərnişinlər də karantinə alınıb. Təmasda olduğu insanlara Səhiyyə Nazirliyinin təyin etdiyi prosedurlar tətbiq olunub.
Həmçinin, səhiyyə naziri Roberto Speranza İngiltərəyə uçuşların 6 yanvaradək təxirə salındığını bildirib.
Qeyd edək ki, mutasiyaya uğramış koronovirus aşkarlandıqdan sonra Niderland, Fransadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya, Estoniya da Böyük Britaniya ilə gediş-gəlişi dayandırıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb.

