Müxalifətin xüsusi rejim günləri – partiya sədrlərindən açıqlama
“Koronavirusla yanaşı, fəaliyyət göstərmək və yaşamağın da yolları axtarılıb tapılmalıdır”
Ölkədə xüsusi karantin rejimi bir çox fəaliyyət sahələri kimi, siyasi partiyaların fəaliyyətinə də müəyyən məhdudiyyətlər qoyub. Karantin rejiminin tətbiqindən isə artıq xeyli müddət keçir. Bəs müxalifətin karantin günləri necə keçir? İclas edirlərmi? Toplanırlarmı?
AXP sədri Pənah Hüseyn musavat.com-a bildirdi ki, xüsusi karantin rejimi günlərini sosial təcrid şəraitində keçirirlər. Siyasi fəaliyyətin məhdudlaşması isə müəyyən problemlər yaradır: “Xüsusi karantin rejimi qaydalarında siyasi təşkilatlar fəaliyyətinə icazə verilən fəaliyyət kateqoriyasına aid edilmir. Əslində fövqəladə vəziyyət élan olnmayıbsa siyasi partiyaların fəaliyyətinə şərait yaradılmalıdır. Karanatin qaydalarında nəzərdə tutulan qadağalara siyasi partiyalar əməl edir. Bir yerə toplaşma, görüşüb toplantı keçirmək kimi ənənəvi fəaliyyətə ara verilib.
Görüşlərimizi, toplantılarımızı onlayn qaydada həyata keçirməyə çalışırıq. Karanatin günləri bu baxımdan müəyyən problemlər yaradır. Sosial təcridə bizim tərəfimizdən tam ciddiliyi ilə əməl edilir. Partiyamızın üzvləri ilə telefonla, internetlə əlaqələr qururuq. Şükür ki, partiya üzvləri arasında virusa yoluxan yoxdur. Rayonlardan partiyanın üzvləri də zəng edirlər, əlaqələr qururlar. Yəni tam olaraq onlayn və telefon əlaqəsi rejimində keçiririk karantin günlərini. Partiyalararası münasibətləri də kənara qoymuruq. Münasibətlər internet və telefon əlaqələri ilə həyata keçirilir. Ötən həftə siyasi partiyaların qəbul etdiyi və mediada artıq yayılan məlum birgə sənəd də bu cür əlaqələrin nəticəsi idi. Şübhəsiz ki, siyasi fəaliyyət xüsusi karantin rejimində məhdudlaşıb. Amma biz mümkün imkanlardan istifadə edirik ki, siyasi fəaliyyət tam dayanmasın. Xüsusi karantin rejimi uzanacaqsa siyasi fəaliyyət məsələsi ilə bağlı müəyyən qərarlar olmalıdır. Bir sıra sahələrdə məncə yumşalmalara getdilməlidir. Koronavirusla yanaşı fəaliyyət göstərmək və yaşamağın da yolları axtarılıb tapılmalıdır. Şükürlər olsun ki, koronavirusla bağlı Azərbaycanda son günlər müsbət dinamika müşahidə edilir. Yoluxanların sayı azalır, sağalanlar çoxalır”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə dedi ki, xüsusi karantin şərtləri digər sahələri olduğu kimi siyasi arenadakı fəaliyyətə də neqativ təsir edir. Hərəkət sərbəstliyinin olmaması siyasi fəaliyyəti xeyli zəiflədib: “Ancaq bütün bunlara baxmayaraq müxalifət partiyaları olaraq mövcud imkanlar daxilində fəaliyyət göstərməyı çalışırıq.
AĞ Partiya olaraq sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanaraq və karantin şərtlərinin imkanları daxilində nələrsə etməyə çalışırıq. Məsələn, canlı konfrans imkanı yaradan proqramlar vasitəsiylə İdarə Heyətinin həftəlik iclaslarının keçirir, ölkə daxili və beynəlxalq aləmdəki siyasi prosesləri dəyərləndirir və partiyanın təşkilati məsələlərini həll etməyə çalışırıq. Eyni zamanda elə sosial ünsiyyət vasitələrinin yaratdığı imkanlarla digər partiyalarla da ünsiyyət və məsləhətləşmələrimizi davam etdiririk. Belə ünsiyyətin bəlli nəticələri də olur. Məsələn, bu günlərdə 15-ə yaxın partiyanın koronavirusla mübarizə sahəsində iqtidara təklifləri qəbul edildi və yayımlandı. Həmçinin, AĞ Partiya olaraq karantin şərtlərini pozmadan imkansız ailələrə ərzaq paketləri yardımı verilməsini də təşkil etdik və hələ də davam etdiririk. Eyni zamanda müxtəlif mətbu orqanların canlı efirlərində iştirak edir və bu və ya digər mövzularda partiyanın mövqeyini ortaya qoyan müsahibələr, rəylər veririk. Yəni, bir sözlə real şərtləri nəzərə alaraq mümkün qədər aktiv fəaliyyətdə olmağa və dövlətin ictimai-siyasi həyatında təsirimizi artırmağa çalışırıq”.
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, xüsusi karantin rejimi ilə əlaqədar olaraq digər müxalifət partiyaları kimi ADP də özünün bütün toplatılarını təxirə salıb: “Faktiki olaraq biz partiyanın mərkəzi qərargahını bağlamışıq. Lakin ölkədə baş verən hadisələrə partiya olaraq münasibət bildirmək zərurəti yarandığından İdarə Heyətinin virtual olaraq toplantılarını keçiririk. Ölkəmiz üçün əhəmiyyətli olan məsələlər müzakirə olunur və partiyanın mövqeyini ifadə edən informasiya bülleteni hazırlanaraq KİV-lərə yayılır.

Ötən virtual toplantıda hökumətə çağırış etdik ki, siyasi partiyaların rəhbər heyətinə daxil olan şəxslərin də sərbəst hərəkətinə icazə verilsin. Çünki bu gün karantin rejimində faktiki olaraq siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb ki, bu da yolverilməzdir. Çünki hələ fövqəladə vəziyyət elan olunmayıb”. Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatıın rəhbəri Samir Əsədli bildirdi ki, həm mərkəzi icra aparatı, həm də rayon təşkilatları karantin rejiminə tam əməl edir. Üzvlərə, xüsusilə yaşı 65-dən yuxarı olan üzvlərə evdən çıxmamaq tövsiyə edilib. Başda sədr Sabir Rüstəmxanlı olmaqla hər kəs buna əməl edir: “Bu günlərdə rəhbərlik arasında və bölgə təşkilatları ilə onlayn qaydada məsləhətləşmələr aparılır, müzakirələr edilir. Bu günlərdə partiya sədri Sabir Rüstəmxanlının deputat seçildiyi Neftçala rayonunda yaşayan yüzdən artıq aztəminatlı ailəyə yardımı çatdırılıb. Eyni zamanda partiyanın gənc üzvləri imkansız vətəndaşlara yardım paylanmasında fəal iştirak edir”.




