“Nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər” – iki nəfərin ölümünə səbəb olan tələbə…
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 19 yaşlı Arif Rəhimovun məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə məhkəməyə mülki iddiaların daxil olduğu elan olunub. Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.
Digər zərərçəkmiş Gülnaz Əliyev 22 800 manat maddi, 10 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib. Zərərçəkmiş Vahir Məmmədov isə 6 min maddi, 5 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib. İttihama münasibət bildirən A.Rəhimov özünü qismən təqsirli bildiyini deyib.
O, deyib ki, tələbə yoldaşları ilə birgə gələrkən qəzaya düşüblər.
“Yolun sağı ilə gedirdim, arxam da boş idi. Sürətimin neçə olduğunu bilmirəm, müstəntiq dedi 100 ilə getmisəm, mən də hər şey tez bitsin deyə razılaşdım. Qabağımda “Şaqman” qəfildən sağa dönmək istədiyi üçün mən məcbur olaraq sol zolağa çıxdım. Mən elə bildim Prado ilə toqquşmuşam, amma Opeli vurmuşdum. Bizim maşındakılar salamat olduğu üçün elə bildim o birilər də yaxşıdı. Sonra onlara yaxınlaşıb nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər. Mən hadisənin şokunda idim, özüm də yaralanmışdım. Amma təcili yardım maşını ilə getmədim, orada qaldım. Mən tibbi yoxlamaya axşam getdim. Ölənlərə rəhmət diləyirəm, qalanlara da can sağlığı” – deyən A.Rəhimov bildirib ki, atası Qalib Rəhimovun “Subaru” markalı maşınını etibarnamə olmadan sürüb.
Anket məlumatlarında 1998-ci il təvəllüdlü Arif Rəhimovun subay, orta təhsilli olduğu və heç bir yerdə işləmədiyi qeyd edilir. Qəza törədən zaman Arif Rəhimov birinci kurs tələbəsi imiş. O, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alırmış.
Məhkəmə prosesində Qalib Rəhimovla yanaşı zərərçəkmiş şəxslər və dünyasını dəyişən şəxslərin hüquqi varisləri də iştirak edib. Hazırlıq iclası başa çatıb və baxış iclası yanvarın 12-nə təyin edilib. Hadisə ötən il sentyabrın 7-də saat 16 radələrində Səbail rayonunda baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub.
İdarəetməni itirərək avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Qəza zamanı Füzuli Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı Arif Rəhimov da xəsarət alaraq xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Məlumata görə, Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən qəza törədib. Arif Rəgimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

