“Nəyəsə çox inananda bəzən xeyri də ola bilər”- Psixoloq “Qaloş piri”ndən danışdı…
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videodan görünür ki, “Qaloş piri” deyilən yerə gələn insanlar şəfa tapması, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtürlər. Görüntülər Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışır, onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.
İnsanların bu mövhumata cahilcəsinə inanmasına gəlincə, musavat.com-a münasibət bildirən psixoloq Azad İsazadə hesab edir ki, qeyri-adi bir qüvvəyə inam hissi insanın daxili ehtiyacıdır: “Hər kəs hansısa qeyri-real bir qüvvəyə inanır. Bu insanlara xas bir xüsusiyyətdir. Düşünürlər ki, hansısa qüvvə bizi idarə edir. Sadəcə, bəzən biz bunu həddindən artıq rituala çeviririk. Artıq söhbət dindən , inandan getmir. Din özü belə halları tənqid edir və qəbul etmir. İstər İslam, istərsə də xristianlıq. Sonradan həmin dinin içində hanısa qanadlar yaranır və onlar cadugərliyə, falçılığa inanmağa başlayırlar. Pir anlayışı çox qədimdir. Adətən İslamdan və xristianlıqdan öncəki dinlərə inananların hansısa müqəddəs yerləri var idi. Sonradan yeni dinlər məscid və kilsə tikməklə bu yerləri müqəddəs elan etdilər. Bir də var ki, biz hansısa adi əşyalara, ölülərin qəbrinə, ölülərdən qalan əşyalara həddindən artıq əhəmiyyət verməyə başlayırıq”.
Psixoloqun sözlərinə görə, insanların bu yerlərə axın etməsi sosial gərginliklə də bağlı ola bilər: “Heç yerdə ədalət tapa bilməyən, yaxşı tibbi xidmət tapa bilməyən insanlar belə şeylərə inanmaqla təsəlli tapmağa çalışırlar. Bəzən də həqiqətən müəyyən qədər faydalı ola bilər. Mən bir psixoloq kimi inanıram ki, nəyəsə həddindən çox inananda onun xeyri də ola bilər. Təbabətdə belə bir anlayış da var, “platsebo effekti” adlanır. İnsan nəyə həddindən çox inanırsa, heç bir təsir göstərməyən şəkərdən düzəldilən həb belə onun yaxşı hiss etməsinə səbəb ola bilər”.
Minval.info

