Napoleonun mahalı Fransadan qopmaq yolunda

Korsikada yerli millətçilər qalib gəliblər: onlar Parisdən hələ ki, geniş muxtariyyat tələb edirlər
Xəbər verildiyi kimi, Fransanın ən böyük tarixi şəxsiyyətlərindən biri sayılan Napoleon Bonapartın doğma diyarı Korsikada yerli bələdiyyə orqanlarına seçkilər keçirilib. Lakin Napoleonun həmvətənləri imperator qədər ana vətənlərinə sahib çıxmayıblar və yerli millətçilər səslərin 56%- dən çoxunu toplayıblar.
Paris isə hələ ki, hadisələri təmkinliklə izləyir.
Musavat.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, Korsikadakı seçkilər əslində növbədənkənar qaydada keçirilib.
9 min kvadrat km əraziyə, 330 min nəfərlik əhaliyə malik adada son yerli seçkilər 2015-ci ildə baş tutub. Yeni ərazi islahatına görə adanın iki departamenti bir ərazi vahidində birləşdirilib. Bu seçkilər məhz yeni vahid orqanın siyasi tərkibini müəyyən etmək üçün gerçəkləşdirilib.
Seçkilər Fransa ənənəsinə uyğun olaraq 2 turdan ibarət olub. Lakin elə ilk turdan millətçilərin üstünlüyü açıq-aşkar özünü büruzə verib-45,36%

Maraqlıdır ki, son prezident seçkilərində adanın əsas qalibi fransız millətçi xanım Marin Le Pen olmuşdu. Lakin yerli seçkilərdə Milli Cəbhə hətta irəli sürməyə namizəd tapmayıb. Elə prezident Emmanuel Makronun “İrəli, Fransa”sı da uğur qazana bilməyib. Partiya seçicilərin cəmi 12,7%-nin rəğbətini görüb. Ana müxalifət “Respublikaçılar” iqtidar partiyasından bir qədər az səs toplayıb. Solu təmsil edən milli partiyalardan isə ümumiyyətlə bir deputat belə yerli parlamentə keçə bilməyib.
Korsikanın qalibi, yerli millətçi “Pe a Corsica” partiyası (“Korsika uğrunda-red.) olub. “Bizi qalib gəlməkdən çox Parislə danışıqlarda əlimizi qüvvətləndirə biləcək nəticəyə nail olmaq vacib idi”, – partiyanın lideri, vəkil Jil Simeoni jurnalistlərə bildirib.

Per a Corsica-nın sıralarında həm Jil Simeoninin liderliyində geniş muxtariyyat istəyən siyasi hərəkat, həm də ümumiyyətlə müstəqillik tərəfdarı sayılan Jan Gi Talamoninin rəhbərlik etdiyi təşkilat birləşib.
2014-cü ildə Korsika millətçiləri rəsmi olaraq silahlı mücadilədən imtina etdyini bildirdikdən sonra yeni qüvvə həm mötədilləri, həm də radikalları öz sıralarında cəmləşdirə bilib.

Qaliblərin əsas tələbləri silahlı mücadilə aparan Korsika separatçılarının azad edilməsi və ya onların cəzalarını Korsikada çəkməsi, Korsika dilinin (italyan dilinin bir qoludur-red.) adada ikinci rəsmi dil elan olunması, ada sakinlərinin ev və torpaq ərazilərində xüsusi üstünlüklərə malik olmasıdır. Bundan başqa, millətçilər adada iş imkanlarının hamıdan əvvəl korsikalılara verilməsini və İŞİD-ə qarşı sərt tədbirlər görülməsini tələb edirlər.

Proqramda yalnız geniş muxtariyyatdan danışılır. Hələ ki müstəqilliklə bağlı hər hansı bənd yer almayıb.
“Müstəqillik zamanı hələ yetişməyib. Bu barədə yaxın 10 ildə danışmaq tezdir. Korsikadakı vəziyyət bizim də diqqətlə izlədiyimiz Kataloniyadakı situasiyadan fərqlənir”, – Jil Simeoni “Le Figaro” qəzetinə verdiyi müsahibədə deyib.
Lakin fransız ekspertlər korsikalı siyasətçilərə olduqca şübhə ilə yanaşırlar. Bastiyada doğulan və ixtisasca hüquqşünas olan Jil Simeoninin rəqibləri onun atasının (Edmon Simeoni) silahlı separatçılıq üstündə keçən əsrin 70-ci ilərdə həbs edildiyini, babasının isə (Maks Simeoni) ümumiyyətlə faşist Benito Mussolininin himayə etdiyi, adanı İtaliyaya birləşdirmək istəyən qüvvələrin yanında vuruşduğunu xatırladırlar.

Jil Simeoni və atası Edmon Simeoni
Jil Simeoni vaxtilə Ayaçço prefekti (mərkəzi hakimiyyətin nümayəndəsi, icra hakimiyyətinin rəhbəri-red.) Klod Erinyakı öldürməkdə təqsirli bilinib ömürlük həbs cəzasına məhkum edilən Korsika terrorçusu İvan Kolonnanın vəkili, məhkəmədə müdafiəçisi olub.

Fransa hökuməti isə olub-bitənləri hələ ki sakitliklə izləməklə məşğuldur. Paris yerli əhalinin qıcıqlandırmamaq məqdəsilə Korsikanın seçiminə hörmətlə yanaşacağını bildirib. “Hökumət korsikalıların seçdiyi insanlarla çalışacaq”, – Nazirlər Şurasının mətbuat katibi Benjamen Qrivo bəyan edib. Seçkilərdən sonra isə baş nazir Eduard Filip Jil Simeonini qələbə münasibətilə təbrik edərək adadakı situasiya ilə bağlı olaraq onu Parisə dəvət edib.
Musavat.com

