Xanım baş redaktor barəsində qərar verilib – Narkotik qalmaqalı
Bu gün narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
ONA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.
Ş. Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, yayılan məlumata görə, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
“Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib” – məlumatda qeyd olunub.
Jurnalist Şəfəq Ağacan isə ittihamları qəbul etmir və bunun böhtan olduğunu söyləyir:
“Düşünürəm ki, yanıma planlı yerləşdirilən bir işçimin yardımıyla mənə böyük bir böhtan atılıb və şərlənmişəm. Mən həmişə narkomaniya bəlasına qarşı olan biri olmuşam. Uzun müddətdir də xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil”.

