Natiq Cəfərli: “Vergilər Nazirliyi uzun illərdir iş adamlarının qorxulu röyasına çevrilib”
Məlum olduğu kimi, Vergilər Nazirliyinin rəhbər postuna Mikayıl Cabbarov təyin olunub. Bu təyinatdan sonra qurumda xeyli kadr dəyişiklikləri həyata keçirilib. Bir çox məsul şəxslər, o cümlədən müavinlər vəzifədən kənarlaşdırılıb.
Vergilər Nazirliyində baş verən dəyişikliklərin nə ilə nəticələnəcəyi yaxın gələcəkdə ortaya çıxacaq.
Mövzu ilə əlaqədar Minval.info iqtisadçı ekspert Natiq Cəfərlidən münasibət öyrənib. İqtisadçı deyib ki, əslində, söhbət kadrların deyil, iş sisteminin, idarəetmənin, yanaşmanın dəyişilməsindən getməlidir: “Çünki kadr dəyişikliyi anlaşılandır. Təəssüf, Azərbaycanda elə bir sistem qurulub ki, hər bir yüksək vəzifəli şəxs posta təyin olunan kimi köhnədən qalan komandanın hamısını dəyişir. Özünə yaxın və sadiq adamları, yaxud iş görə bilmək üçün lazım olan işçiləri onlarla əvəzləyir”.
Natiq Cəfərli qeyd edib ki, yeni nazir indiyədək bu sahədə hansı problemləri gördüyü barədə mətbuata məlumat verməyib: “Yaxşı olardı ki, bu barədə danışılsın. Ortaya çıxan problemlərin həlli üçün atılacaq addımlar, yeni planlar açıqlansın. İctimaiyyətin məhz müzakirə edəcəyi mövzu bu olmalıdır”.
İqtisadçının bildirib ki, vergi sistemində kifayət qədər problemlər var: “Qanunvericiliyin, idarəetmənin təkminləşdirilməsi lazımdır. Vergilər Nazirliyi uzun illərdir iş adamlarının qorxulu röyasına çevrilib. Bu qurum sahibkarların yaxın dostu olmağı bacarmalıdır”.
Natiq Cəfərli sözlərinə görə, hamı vergilər sistemindəki problemlərdən xəbərdardır, yeni təyinat ən azından gözləntilər formalaşdırıb: “Qurumda köklü, fundamental dəyişikliklərə ehtiyac var. Vergi Məcəlləsi dəyişdirilməlidir, hətta sıfırdan yazılmalıdır. Çünki bu məcəllə qalın kitab boydadır. 300-ə yaxın maddə var, dünyanın nadir ölkələrində görülən hadisədir. Çox qısa, yığcam, lokanik, anlaşılan dildə yazılmalıdır. İş adamamlarına dəstək ola biləcək Vergi Məcəlləsinə ehtiyac var. Bir çox islahatlar olunmalıdır. Gözlənti formalaşıb ki, yeni komanda bunu edəcək. Belə olduğu halda iqtisadiyyatda yaxşı nəticələr doğura biləcək. Köhnə sistem qalacaqsa, kadrların dəyişməsinin heç bir əhəmiyyəti olmayacaq”.
Samir Mirzə
Minval.İnfo

