Nazir zərərçəkmiş sahibkarlara ediləcək güzəştlərdən danışdı
Minval.info // “Gələn həftədən “Diqlad” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
“Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq”, – deyə nazir qeyd edib.
O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: “Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək”.
Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1%-lə güzəştli kreditlər verilə bilər.
“Yanğın baş vermiş ərazidə “Diqlas 1” və “Diqlas 2” Ticarət mərkəzləri var. İlkin məlumata görə, “Diqlas 1”də, təxminən 60, “Diqlas 2”də isə 111 mağaza olub. Ötən gün yaradılmış İşçi Qrupunun əsas vəzifələrindən biri də bu rəqəmləri tam dəqiqləşdirməkdir. Bütün məsələlər araşdırılır, şənbə-bazar günləri də işləyəcəyik. Üç gün ərzində araşdırma aparılacaq. Gələn həftədən dəstək tədbirlərinin həyatda keçirilməsinə başlanılacaq” – Ş.Mustafayev bildirib.
Nazir həmçinin qeyd edib ki, ticarət mərkəzində iş bərpa edildikdən sonra sahibkarlardan 4-5 ay icarə haqqı alınmayacaq. Bundan sonra isə onlar uzun müddət digər iş adamları ilə müqayisədə 20% az icarə haqqı ödəyəcəklər.


