Dəyərləri təhqir edən azərbaycanlı şairlər həbs edilə bilərmi? – CAVAB
Son zamanlar sosial şəbəkə istifadəçilərinin dini və milli dəyərləri təhqir etməsinin şahidi oluruq.
Xüsusilə də, gənc yazar və şairlər gündəmə gəlmək, diqqət cəlb eləmək və yaxud da sadəcə özlərinin bildiyi müəyyən səbəblərdən dəyərləri, ya da artıq həyatda olmayan önəmli şəxsləri alçaltmaqla məşğul olurlar.
Əvvəlcə yazar Kəramət Böyükçöl “Facebook” statusunda Xəlil Rza Ulutürkü aşağılamışdı: “Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onun barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi də doğru deyil. Hər halda mübarizəsi var idisə də, bu istedadsızlığından irəli gəlirdi. Necə? Məsələn, Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin var? Xəlil Rza KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurduğunu anlamırdı. Əksinə, KQB-yə xidmət edib gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bu necə ziyalıdır ki, başqa bir millətə az qala var-yox söyüşü söyürdü.
Harada gördün erməni, vur başına gülləni.
Hava yaman soyuqdur, ermənilər toyuqdur.
Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam görmür ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxılacaq. Necə ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu”.
Yazar sonradan üzr istəsə də, artıq onun sözləri yetəri qədər etirazla qarşılanmışdı.
Daha sonra gənc şair Emin Akifin sosial şəbəkədəki paylaşımı ilə “Qurani-Kərim”i təhqir etmişdi və bir çoxlarının etirazına səbəb olmuşdu.
Bu yaxınlarda isə gənc şair, tarix müəllimi Emin Piri 30 iyun tarixinin Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunmasını biabırçılıq adlandırmışdı:
Bu sıraya çoxlarını əlavə etmək olar. Bəs, hər kəs belə istədiyi kimi dəyərləri və tarixi şəxsləri təhqir edə bilər? Bu şəxsləri cinayət məsuliyyəti gözləyə bilərmi?
Vəkil Vamiq Şükürov bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə Minval.info-a açıqlamasında bildirib ki, yalnız təhqir edilənin hüquqi varisləri işə qarışa bilər:
“Cinayət işi o zaman açılır ki, təhqir olunan şəxs özü xüsusi ittiham qaydasında Cinayət Məcəllləsində nəzərdə tutulmuş təqdir olunma maddəsi ilə bağlı olaraq məhkəməyə müraciət etsin. Məhkəmə həmin şəxs barəsində məlumatın KİV-də, kütləvi yığıncaqlarda, sosial şəbəkələrdə dərc olunma faktını və həmin o faktın həqiqətən təqdir olduğunu sübuta yetirərsə həmin iş üzrə təhqir edən cinayət məsuliyyətinə cəlb edilə bilər. Şəxs əgər dünyasını dəyişibsə, onun hüquqi varisləri tədbir görməlidir. Ancaq bu zaman cinayət işi qaldırılmır, dəymiş mənəvi zərərin ödənilməsi məsələsi gündəmdə olur”.

Dini məsələlərdə isə müstəqil cinayət işi açılması mümkündür: “Şəxsin ifadələri dini düşmənçilik, dini zəmində təxribatlar yaradarsa müstəqil cinayət işi açıla bilər”.
Görünür, müqəddəs sayılan və ya xalqın xüsusi rəğbət bəslədiyi şəxslərin təqdir olunmasında cəmiyyət özü diqqətli olmalıdır. Bu məsələdə ictimai qınaq gənclərə dəyərlərə hörmətli olmağı öyrədə bilər.
Dəniz Kərimzadə
Minval.İnfo





