“O müğənnilər sənəti alçaldır”- İlhamə Qasımova

“Ola bilər sən sərhədsiz yaşamaq istəyirsənsə yaşa. Bu gizli bağlı olmalıdır. Bəzi məşhurlar hər şeyi açıb, bayağı şəkildə göstərirlər, bunu sevmirəm. Mənə heç kimin şəxsi həyatı maraqlı deyil. Bir-biriləri ilə qalmaqal yaratmaq üçün bir-birinin həyatı barədə qalmaqallı nələrsə deyirlər. Bütün bunlar sənətçini çox ucuzlaşdırır. Müğənni yaxşı mənada əlçatmaz olmalıdır. Onların ardınca gedən ifaçılar örnək götürməlidirlər. Heç kim “Müqəddəs Məryəm” deyil. Sən hər nəsənsə bunu özündə saxla, başqasına ehtiyac yoxdur. Hər insanın öz problemi özünə bəsdir. Mənə maraqlı deyil kiminsə həyatında nə baş verir. Başqasına niyə mənim həyatım maraqlıdır, o da mənə maraqlı deyil ki niyə?!”
“Orta məktəbdə oxuyanda məktəbimi dəyişdim, yəni, orda “gəlmə” idim. 2-3 il o məktəbdə uşaqlar məni qəbul etmirdilər. Əlaçı idim, bu da onlara pis təsir edirdi. Atmacalar atırdılar, partamın üstünə adımı bəzəyib yazırdılar. Oğlanlar arxamca xorla düşüb söz atırdılar, evə gəlib ağlayırdım. Sataşırdılar, qəbul etmirdilər. 20 ilə evimiz tikilib. Ailənin o qədər problemləri var idi ki… Gəlib valideynlərimə danışanda fikir vermirdilər, mənə də deyirdilər ki, baş qoşma. Mənim həyatımda elə şeylər olanda daha da güclü olurdum. Uşaqlarla da 1-2 il dözdüm sonra dostlaşdıq”.
“Necə təhlil edərdin şou-biznesi? Heç bilmirəm axı, nə var orda? Xəbərim yoxdur. Izləmirəm. Maraqlı deyil. Mənim ümumiyyətlə, televizorum yoxdur. Rəqəmsal yayıma keçəndən sonra dəyişməliyəm, elə də qalıb. Sosial mediadan isə ara-sıra izləyirəm. Orda çox passivəm. Dostlarım da buna görə məni qınayır”.
”Yeni ulduz”a qatılmasa idim, inanmıram ki, müğənni olacaqdım. Fərqli sahədə çalışırdım. Dedilər belə bir müsabiqə var, dedim ayıbdır, yaşım 29. Orda olanların isə 16-18 yaşları var. Rəhmətlik Rəcəb 29 yaşı var idi, qalib oldu. Ondan sonra bibim məcbur edib göndərdi. Evdən necə gəldi hazırlaşıb getdim. Orda Mübariz Tağıyev olmasa idi, mən müsabiqədə olmazdım. Öz mahnımı akapella oxudum. Mübariz müəllim dedi ki, nəhayət uzun axtarışdan sonra bir estrada müğənnisi tapa bildik. Hamı ona baxdı ki, nə oxuyub ki bu?”.
“Eurovision” yarışmasını sevirdim, nə zaman ki, heç kim onu tanımırdı. Sehrli görünürdü. Elnur və Samir olanda çox istəyirdim, qatıldım amma yaxşı hazırlaşmamışdım. Ikinci dəfə qatılmağıma səbəb isə mənim Almaniyadakı prodüserim oldu. Əslində qatılmaq fikrim yox idi. Dedi qalib olsan, bizimçün də rahat olar. Indi həvəsim yoxdur, yarışma çox siyasiləşdi. Təklif gəlsə, etiraz etmərəm. Vətənimi təmsil etməliyəm. Amma özüm can atmayacam. Bu gün o qədər gənc müğənnilər var ki, onların zamanıdır”.
“Eurovsion” təmsilçilərimizin hamısı qəşəng oxuyub. Düzdür, ən bəyəndiyim Fərid Məmmədov “Hold me” ifası ilə idi. Əfəndi 17-ci yer olsa da, bəyənmişdim. Rahat performans idi. Geyimi müzakirə olundu. Əgər səhnədə onun ifasına uyğun gəlirsə, bizim qarışmağa ixtiyarımız yoxdur. Ona qalsa, onda oxumayaq da. Müğənninin rejissoru, stilisti deyirsə, bu belə olmalıdır, bədəni o geyimə icazə verirsə, vəssalam da. Mənim kimi 46 bədən ölçü geyinən adam gedib “body” ilə çıxış etməz axı. Samira Əfəndi çox gözəl bədən quruluşuna malikdir. Gözəl səsi var, gözəl xanımdır. Geyimi mahnıya çox da uyğun idi”.
Nərminə Aydınqızı

