“O səs Türkiyə”nin iştirakçısı Heydər Əliyevə mahnı həsr etdi – Video
Türkiyədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yazdığı şeirə bəstələnmiş mahnıya klip çəkilib.
Minval.info xəbər verir ki, “Если б звезды ступеньками стали” adlı şeir mərhum prezident Heydər Əliyevə həsr olunub. Şeirin sözlərinə yazılmış mahnı tanınmış vokalçı, İngiltərədəki Beynəlxalq Musiqiçilərin Azadlıq Federasiyasının azərbaycanlı musiqi səfiri Gülşən Akın İbadova tərəfindən ifa olunub.
Mahnının musiqisi bəstəkar və müğənni Rizvan Sədirxanova, ekran işi və ideya müəllifliyi sənətçi Mahmut Akına aiddir. İfaçı Gülşən İbadovanın sözlərinə görə, mahnı “crossover” janrında yazılıb: “Bu mahnını iki dildə ifa etmişəm. İlk olaraq italiyalı şairə Silvana Parini tərəfindən tərcümə edilən variantdır. İkincisi isə orijinal, rus dilində olan variantdır. Mahnı müxtəlif vaxtlarda Serbiya və İngiltərə radiolarında səslənib.
Məlumat üçün deyim ki, bu mahnıya uzun müddət idi ki, klip çəkdirməyi düşünürdüm. Nəhayət ki, klipin çəkilişləri Türkiyədə baş tutdu. Klip nostalji-retro üslubunda çəkilib”.
Qeyd edək ki, G. İbadova Azərbaycan tamaşaçısına “O səs Türkiyə” müsabiqəsindən tanışdır. O ifası ilə Türkiyə və Azərbaycan tamaşaçısını özünə heyran etməyi bacarmışdı.

