Obama Demokrat partiyasını seçkilərdə fəal olmağa çağırıb
Obama: “Oturub xilaskar gözləməyin. Mükəmməl bir namizədimiz yoxdur deyərək kənarda oturmayın”
ABŞ-ın keçmiş prezidenti Barak Obama uzun müddətdən sonra susqunluğunu pozaraq İllinoys universitetində nitq söyləyib.
Barak Obama əvvəllər başqa ABŞ prezidentləri kimi ənənəvi olaraq siyasi səhnədən çəkilmək niyyəti olduğunu, lakin hadisələrin gedişatının onu proseslərə daha fəal şəkildə qoşulmağa məcbur etdiyini söyləyib. Hazırkı dövrdə risklərin çox yüksək olduğunu ifadə edən Obama olub-bitənləri kənardan baxıb izləyənlər üçün nəticələrin çox pis olacağını bildirib.
ABŞ prezidenti Donald Trampın siyasətinə fundamental olaraq əleyhinə çıxması ilə bilinən Obama ABŞ demokratiyasına qarşı olan qorxunun Tramp ilə başlamadığını vurğulayıb. “Tramp səbəb yox, simptomdur. Tramp siyasətçilərin illər boyu formalaşdırdıqları küskünlüyün, keçmişdə qalan qəzəbin və qorxunun təzahürüdür”,- keçmiş prezident qeyd edib.
Trampın administrasiyasında yaşananların anormal olduğunu deyən Obama hazırda qeyri-adi zamandan keçdiklərini açıqlayıb.
Keçmiş prezident bütün bu qaramsarlığın içində yaxşı xəbərlərin də olduğunu söyləyərək 2 ay sonra ABŞ-da seçkilərin keçiriləcəyini xatırladıb. Obamanın fikrincə, zəif və yöndəmsiz siyasəti durdurmağın sadə bir yolu seçicilərin səsləri ola bilər.
Barak Obama respublikaçıların seçkiqabağı kampaniyalarında uğur olaraq təqdim etdikləri işsizliyin azaldılamsı ilə bağlı rəqəmlərin əslində 2015 və 2016-cı illərin göstəriciləri ilə eyni olduğunu vurğulayıb.
Trampın özünü bir reket kimi apardığını qeyd edən keçmiş prezident amerikalılarıın bu cür siyasətçilərin arxasında heç vaxt durmadıqlarını, onların yolunu izləmədiklərini bildirib.
Bütün Amerikanı “ABŞ üçün ən yaxşısını düşünərək” səs verməyə çağıran Obama deyib: “Oturub xilaskar gözləməyin. Mükəmməl bir namizədimiz yoxdur deyərək kənarda oturmayın. Bizim bir peyğəmbərə ehtiyacımız yoxdur. Tək ehityacımız dürüst çox işləyən insanlardır. Demokratiyamız üçün isə ən böyük təhdid elə məhz ümidsizlikdir”.
Musavat.com


