“OMON” qiyamının şahidi olan deputat 26 ildən sonra sirli məqamlardan danışdı
Fəzail Ağamalı: “Qrup yaradıldı, hakimiyyəti ittiham edən bəyanat hazırlandı, lakin onun imzalanmasına imkan vermədim”
Martın 17-də Rövşən Cavadovun başçılığı ilə yaradılmış Xüsusi Təyinatlı Polis Dəstəsinə (“OMON”) qarşı həyata keçirilən əməliyyatdan 26 il ötdü. 1995-ci ilin martında “OMON”la Daxili Qoşunlar arasında davam edən silahlı mübarizə sonda R.Cavadovun öldürülməsi və XTPD-nin tamamən ləğvi ilə nəticələnib.
“OMON” qiyamı 1995-ci ilin 13 martında Qazaxda başlayıb, 16-dan 17-nə keçən gecə Bakının 8-ci kilometr qəsəbəsindəki döyüşlərlə başa çatıb. Qarşıdurma nəticəsində rəsmi statistikaya görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb, 105 nəfər yaralanıb. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib.
Hər ilin bu günləri “OMON” hadisələri ətrafında müzakirələr açılır, yeni-yeni fikirlər ortalığa atılır.
Ən çox isə bu suallar ətrafında polemikalar gedir:
O vaxt bu qiyam baş tutsaydı Azərbaycanda nələr olardı? Qiyamı başladan qüvvələr hara bağlı idilər?
Həmin dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinin icraçılığından aylardır istefa verən, Ana Vətən Partiyasının sədri kimi ölkə siyasətinin ön sıralarında yer alan deputat Fəzail Ağamalı 26 il öncəni belə xatırlayır: “Əvvəla, onu deyim ki, Surət Hüseynovun məğlubiyyətindən və ifşasından sonra Azərbaycan dövlətçiliyinə qarşı ikinci qiyam cəhdi idi. Bu, hərbi və güc yolu ilə hakimiyyəti ələ keçirmək məqsədi daşıyan bir akt sayılır. Bunun da aparıcı qüvvəsi Rövşən Cavadovun rəhbərlik etdiyi xüsusi təyinatlı polis dəstəsi idi. Həmin zaman kəsiyində xüsusi təyinatlı polislər demək olar ki, Azərbaycanda həqiqətən ”at oynadırdılar”. Bütün proseslərə onlar müdaxilə edirdilər. Qorxulu bir güc kimi bu hər kəs tərəfindən görünürdü. Həmin il mart ayının 13-də Qazax istiqamətində xüsusi təyinatlıların həmin bölgə istiqamətində aparıcı şəxsi olan Elçin Əmiraslanov qiyam qaldırdı. Orada rəsmi qurumların yerləşdiyi binaları zəbt etdi. Dərhal ona qarşı polis dəstələri-bildiyim qədəri ilə burada müəyyən qədər hərbi qüvvələr də iştirak etdilər-hərəkətə keçdilər və qiyam yatırıldı. Ondan sonra proseslər artıq Bakıya keçməyə başladı. Amma ona qədər yanvar ayında bu qiyamın ideoloqu olan bir sıra şəxslər – Tofiq Qasımov, Fərman Dəmirqol və digərləri İçərişəhərdə Azərbaycan Milli Ensiklopediyanın ofisinə yığışaraq, Strateji Araşdırmalar Mərkəzi yaratmışdılar. Niyyətləri qanuni hakimiyyətə sahib olan Heydər Əliyevi devirmək idi. Həmin vaxt Rövşən Cavadov çıxış edib deyirdi ki, Azərbaycanda prezident üsul-idarəsi ləğv olunmalı, müvəqqəti Milli Şura yaradılmalı və ora keçmiş prezidentlər-Ayaz Mütəllibov, Əbülfəz Elçibəy daxil olmalıdır. Sonradan ortaq konsensusa gəlib, ölkənin gələcəyini müəyyənləşdirmək lazım idi. Artıq belə bir plan hazırlanmışdı. Bu planı həyata keçirmək üçün əsas qüvvə “OMON” idi. Bu proseslərdə Rövşənin qardaşı Mahir Cavadov da çox ciddi rol oynayırdı. Hazırda o, xaricdə mühacir həyatı yaşayır. O zaman qardaş Türkiyədə hakimiyyətdə olan Tansu Çillər birbaşa bu işlərdə iştirak edirdi. Rusiyanın müəyyən xüsusi xidmət orqanları da bu işin içərisində yer alır, niyyətləri Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırıb, Ayaz Mütəllibovu yenidən iqtidara qaytarmaq idi. Təbii ki, Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək istəyən Türkiyə və daxildəki qüvvələr də fəal hərəkətə keçmişdilər. Mütəllibovun da daxildə onu hakimiyyətə gətirmək istəyən tərəfdarları var idi. Belə bir çətin vəziyyətdə qiyam başladı. Yaxşı xatırlayıram ki, o zaman Rövşən Cavadovun yanına atası, ardınca Akif Muradverdiyevin vasitəsilə digər insanlar göndərildi. Onu bu niyyətindən çəkindirmək üçün bütün yollara əl atıldı. Lakin o, dediyindən dönmədi. Nəticədə dövlət silahlı qüvvələri hərəkətə keçirməyə məcbur qaldı. Ciddi xarakter daşıyan qarşıdurmadan sonra bir neçə saat ərzində Rövşən Cavadovun rəhbərlik etmiş olduğu OMON-çular tərk-silah edildi, öldürülən öldürüldü, öldürülməyinin bir çoxu həbs edildi, bəziləri gizləndi. O vaxt Bakı və Kəndlər Birliyinin “Vətən” kinoteatrının yanında ofisi var idi. Orada ölkədə fəal olan şəxslər, qurumlar fəaliyyət göstərirdi. Qərara alındı ki, müəyyən adamlar Prezident Aparatına göndərilsin, danışıqlar getsin, qan tökülməsinin qarşısı alınsın. Mənə təklif olunanda ki görüşə gedim, bundan imtina etdim. Çünki görürdüm ki, bu, danışıqlar yolu ilə həll olunan məsələ deyil. Bu, birbaşa qanuni hakimiyyətə və konstitusiya quruluşuna qarşı bir qiyam idi. Qiyam qaldırılıbsa, yatırılmalıdır. Ulu öndərimiz bütün imkanlardan istifadə etdi, lakin Rövşəni mövqeyindən döndərə bilmədi. Xeyli müzakirələrdən sonra vəziyyətin daha kritik həddə çatmaması üçün addımlar atılması zəruri oldu”.
Həmin hadisələrin canlı şahidinin bu fikirləri də diqqət çəkir: “Qeyd edim ki, qiyamçıların yanında Leyla Yunus kimi adamlar da yer alırdı. Onlar deyirdilər ki, iqtidarı ittiham edən bəyanat qəbul olunsun. Bakı və Kəndlər Birliyi ofisindən çıxmağa məcbur qalmışdı. O zaman təklif etdim ki, bizim ofisə köçmə olsun. Çalışdım ki, bu məsələləri uzadım. Qrup yaradıldı, hakimiyyəti ittiham edən bəyanat hazırlandı, lakin onun imzalanmasına imkan vermədim. Çünki o bəyanatda hakimiyyətə, xüsusi olaraq, rəhmətlik Heydər Əliyevə çox ciddi ittihamlar var idi. Cəhdlərə baxmayaraq, Rövşən Cavadovu dəstəkləyən bəyanat imzalanmadı, gündəmə də gəlmədi. Onu da deyim ki, Elçin Əmiraslanov ilk olaraq, Qazax istiqamətində qiyam qaldıranda Ana Vətən Partiyası olaraq çox kəskin bəyanatla çıxış etdik. Bu hərəkətləri qəti şəkildə pislədik. Xüsusi olaraq, qeyd edirdik ki, Ayaz Mütəllibov vasitəsilə Azərbaycanda çevriliş etmək planları həyata keçməyən qüvvələr artıq ikinci cəhdə əl atırlar. Surət Hüseynovun qarşısına qoyulan məqsəd həyata keçməmişdi. Bunu ulu öndərimiz darmadağın etmişdi. Çox təəssüflər olsun ki, o zaman Türkiyədəki iqtidar da proseslərə qoşuldu. Bu proseslərin qarşısının alınmasının əsas gücü Heydər Əliyev oldu. ”OMON” darmadağın edildikdən sonra Azərbaycanda hakimiyyətin qantökmə, qanunsuz yolla alınması mərhələsinə son qoyuldu və bu ənənə tamamilə süqut etdi. Bundan sonra ölkəmizdə ciddi xarakter daşıyan işlər başladı. Konstitusiya qəbul olundu, Milli Məclisə seçkilər keçirildi. Beləliklə, Azərbaycanın dövlət quruculuğu prosesi başladı”.


