“Onların cavabını bir çox üsulla verə bilərik” – Roberto Bordin

Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində bu gün Tula “Arsenal”ını qəbul edəcək.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin ötən gün “Bakcell” arenada baş tutan mətbuat konfransında fikirlərini bölüşüb. Minval.info xəbər verir ki, konfransda italiyalı mütəxəssislə yanaşı, komandanın yarımmüdafiəçisi Rəhman Hacıyev də iştirak edib.

İlk olaraq media mənsublarının qarşısında Rəhman Hacıyev çıxış edib: “Qarşıda bizi çətin oyun gözləyir. Bu görüşə olduqca ciddi hazırlaşmışıq. İnşallah, sabah qalib gəlmək üçün meydana çıxacağıq. Hər şey əladır. Komandada əhval-ruhiyyə əla vəziyyətdədir. Sabahkı görüşü səbirsizliklə gözləyirik.”.

“Bizi ilk görüşdəkindən qat-qat ağır oyun gözləyir. Tula komandasının oyununda dəyişiklilər edəcəyini düşünürəm. Zənnimcə, “Arsenal” Rusiyadakı görüşün nəticəsini Bakıda dəyişməyə çalışacaqlar. Rəqib çox güclü komandadı. Bunu ilk matçda da gördük ki, sonadək təslim olmadılar və nəticəni dəyişmək üçün əllərindən gələni edirdilər. Konsentrasiyamızı ilk dəqiqələrdən final fitinədək itirməməliyik” – deyə Bordin bildirib, ardınca media mənsublarının suallarını cavablandırıb.

– Nəzərə alsaq ki, rəqib İngiltərə yox, Rusiya “Arsenal”ıdı və ilk oyunda “Neftçi” qalib gəlib, komandanızın şanslarının daha çox olduğunu iddia etmək düzgündürmü?

– İngiltərə və Rusiya “Arsenal”ını müqayisə etməzdim. Hərəsinin öz dəst-xətti var. Rəqib ilk oyunda da məzmunlu futbol sərgiləyib. Düşünmək olmaz ki, biz turu adlamışıq. Tulalılar ciddi rəqibdir və Bakıya vaxt keçirmək üçün gəlməyiblər. Bəli, ilk oyundan sonra cüzi üstünlüyümüz var. Amma buna ümid olsaq məğlub olmuş olarıq. Eyni zamanda, doğma publika üstünlüyünə sahibik. Ancaq bu, mərhələ adlamaq anlamına gəlmir.

– “Arsenal” artıq “Neftçi”nin Tuladakı sürprizini görüb. Sabahkı matçda rəqibə yeni sürpriz hazırlamısınızmı?

– Deməzdim ki, kimsə kiməsə sürpriz hazırlaya biləcək. Sadəcə, tərəflər döyüşəcək. Məncə, rəqib hesabda geri olmasını ilk dəqiqələrdən aradan qaldırmağa çalışacaq.

– İlk oyunda Platellası ehtiyatda saxlamaqla, rəqibi təəccübləndirdiniz. Sabahkı matçda Platellas start heyətində yer alacaqmı?

– Hələ bir məşqimiz var. Bundan sonra start heyəti ilə bağlı qərarımı verəcəm. Əsas odur ki, bütün heyət üzvləri sağlam olsun. Kimin meydana çıxmasından da vacib budur ki, bütün futbolçular oyuna hazırdı.

– Baqali Dabonun durumu nə yerdədir ? Heç olmasa adı protokola salınacaqmı?

– Dabo hələ ki, hazır deyil. Amma bərpa prosesi sürətlə gedir. Hazır olan kimi xidmətindən yararlanacağıq.

– “Neftçi” daim avrokuboklarda. oynayırsa, “Arsenal” ilk dəfədi belə turnirə qatılır. Bu, komandanıza üstünlük qazandırırmı?

– Əlbəttə, beynəlxalq təcrübə çox vacibdi. Ancaq “Arsenal”ın beynəlxalq təcrübəsi olmasa da, Rusiya Premyer Liqasında çıxış edir və çempionatda ciddi rəqiblərlə oynayır. Düşünmürəm ki, “Neftçi” üçün beynəlxalq təcrübə əlavə üstünlük olsun.

– Rusiya çempionatında 3 tur arxada qalıbsa, Azərbaycanda hələ start götürməyib. Bu, “Arsenal” üçün üstünlükdü?

– Hər ikisi ola bilər. Oyun praktikası hər zaman lazımdı. Rəqib artıq 90 dəqiqə oynamağa hazırdır. Yəqin ki, müəyyən mənada bu, “Arsenal” üçün üstünlükdür. Ancaq bizim üçün üstün tərəfi var. Çünki çempionat oyunu keçirmirik və bərpa üçün vaxtımız yetərincə olub.

– İlk oyundan öncə daha inamlı idiniz. Bu gün bir qədər ehtiyatlısınız…

– Komandama inamım hədsizdir. Ancaq orada da söz verməmişdim ki, qalib gələcəyik. Biz 1:0 hesabını qorumağa çıxmayacağıq.

– Rəqib çox güclüdür. Ötən həftə ki, məğlubiyyəti heç cürə həzm edə bilmirdi. Rusiya mətbuatında yazılan məlumata görə, cavab oyununda ilk dəqiqələrdən hücuma atılacaq, zərbələrə üstünlük verəcək. Sizin yanınızda da komanda zərbə vurmağı sevən Hacıyev əyləşib. Oyuna Hacıyevi buraxaraq, cavabını siz də zərbələrlə vermək fikrindəsiz ?

– Rəhman komandanın aparıcı üzvlərindəndir. Güclü zərbələri var, bunu ötən mərhələdə “Speranta” oyunda bir daha şahidi olduq. O üzdən, hər an onun gücündən istifadə edə bilərik. O ki, qaldı rəqibin cavabını verməyə, onların cavabını bir çox üsulla verə bilərik.

Qeyd edək ki, “Neftçi” (Bakı) – “Arsenal” (Tula) görüşü Bakı vaxtı ilə saat 21:00-da “Bakcell” arenada start götürəcək.


Ağa Dadaşzadə

İdman

Nəşr edilib: 2019/08/01 12:38

Baxış: 130


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06