Oyuncaqların ruh daşıdığına inanan xalq
Xristofor Kolumbun Amerikanı Hindistan zənn edib, yerli əhalini hindilər adlandırdığını çoxumuz bilirik.
Bəs, hələ də hindilər kimi tanınan yerli Amerika əhalisi əslində haradan gəlib? Onların dini inancları, adətləri nə necə olub?
Minval.info hindilərin tarixi haqında qısa araşdırmanı təqdim edir.
10 min il öncə hindilər Berinq boğazı vasitəsilə Asiyadan Amerikaya köç ediblər. Yəni əslində yerli Amerika əhali sayılsalar da, onlar Asiyalıdırlar.
Dini İnancları
Hər qəbilənin dini baxışında müəyyən fərqlər özünü göstərsə də, əsasən oxşar sitayiş formasına sahib olublar. Bir yaradanın və təbii hadisələri idarə edən ruhların varlığına inanıb, Böyük Ruh Manituya (Wakan Tanka) sitayiş ediblər. İnanclarına görə, Böyük ruh hər yerdə, hər kəsin daxilində və dünyanın mərkəzində idi. Bir səhər də oyanmağa və yaşamağa icazə verildiyi üçün oyanan kimi Böyük Ruha dualar ediblər. Hindi adətlərində önəmli yerlərdən birini “Tibb adam”ı adlı şəxs tuturdu. Maya şamanları olaraq da adlanan bu adamların hər xəstəlik üçün inkişaf etmiş tibbi üsulları vardı.
Ən diqqət çəkən Hindi inancı isə hər bir insanın bir heyvanın gücü, təsiri altında qalmış olması idi, məsələn, qartalın, qurdun və ya ayının. Qəbilənin xarakterinin formalaşmasında önəmli rol oynayırdı.
Bayramların qeyd edilməsində hindi rəqsləri xüsusi yer tuturdu. Müharibədə qələbə, toy və ya bol məhsul hindilər üçün əsl bayram sayılırdı. Rəqs Günəş və Yağış ruhlarına həsr edilirdi. Eyni zamanda rəqsin yaralıları sağaltdığı düşünülürdü. Rəqsi musiqisiz təsəvvür etmək olmaz. Hindi musiqisi oynaq ritmlər tələb etdiyindən əsasən, zurnaya bənzər alətlər, zərb alətlərində ifa edilirdi. Hindi musiqisinin müasir nümunəsi kimi “Pow Wow” mahnısını göstərmək olar.
Ruhları təmsil edən parça oyuncaqlar qəbilədəki uşaqlara hədiyyə edilirdi. Kaçina adlanan bu oyuncaqların tanrıların, heyvanların və ya xüsusi gücləri olan ölmüş qəbilə üzvlərinin ruhunu daşıdıqlarına inanılırdı.
Son illər ən dəbli aksesuarlardan birinə çevrilən “Dreamcatcher” – Yuxu tutucular hindi mədəniyyətinin ən maraqlı ünsürlərindəndir. Pis ruhların yatmış körpələrə yaxınlaşaraq, onların pis yuxular görməsinə səbəb olduğuna inanan yerli amerikalılar “dreamcatcher”ləri toxuyurdular. Körpənin başı üzərinə asılaraq pis ruhları öz düyünündə saxladığına inanırdılar.
Gündəlik yaşayış
Hindi cəmiyyətində qadınların rolu böyük olub. Həm idarə etmə, həm də hərbi işlərdən kənarda qalmayan qadın eyni zamanda mal sahibi sayılırdı. Bütün mülkiyyət qadın vasitəsilə gələcək nəslə vəsiyyət edilirdi.
Nitqdə bütöv cümlələr qura bilməyən hindilər sadəcə sözləri ar-arda düzməklə ünsiyyət qururdular. Vəhşi Qərb (Western) filmlərində də çox eşitdiyimiz kimi “o qadın mavi paltar geyinir” əvəzinə “qadın – mavi – paltar” sözləri işlədilirdi.
Hindilər təbiətə və dünyaya hörmət edir, özlərini də təbiətin bir parçası olaraq görürdülər. Hindilər Torpaq Anadan gəldiklərini düşünür, həmçinin, səmanı baba, Ayı isə özlərinə nənə kimi görürdülər.
Tatanga Mani (Yeriyən Boğa) adlı hindi təbiətin bir parçası olmaqla bağlı belə deyib:
“Biz Böyük Ruhun əsərlərini hər yerdə görürük: ayda, günəşdə, ağaclarda, küləkdə və dağlarda. Siz ağacların danışdığını bilirsiniz? Bəli, onlar danışırlar, üstəlik təkcə bir-birləri ilə deyil. Dinləsəniz, sizinlə də danışarlar”.
Dəniz
Minval.İnfo

