Öz bəxtinə ağlayan qara paltarlı qadınlar – içimi parçalayan körpə
Bu dəfə 8 mart Beynəlxalq Qadınlar Gününü tam fərqli keçirdim. Biznes-ledi Ruhi Əliyevanın dəvəti ilə bir neçə həmkarımla birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindəki məhkum xanımlarla görüşdük.
Həbsxana hər zaman görmək istədiyim yer olub. Bəzən düşünmüşəm ki, oradakı həyatı öyrənmək üçün 1 gün gedib orada yaşamaq imkanım olsun. Hər zaman film və seriallarda gördüyüm həbsxana həyatı məndə maraq yaradıb. Bir neçə gün öncə də rəfiqəmə həbsxanaya gedəcəyimi deyəndə “Oraya getsən, günlərlə təsir altından çıxa bilməyəcəksən”-, dedi. Əslində, duyğusal, təsir altına düşən biri deyiləm. Ona görə də bu görüşün məndə hər hansı iz buraxmayacağını düşünürdüm. Amma hər şey tam fərqli oldu. Bu haqda az sonra…
Budur artıq cəzaçəkmə müəssisəsinin qarşısındayıq. Bizi həbsxananın məsul şəxslərindən biri qarşılayır. İçəri daxil oluruq. Adımız siyahıda yoxlanır, şəxsiyyət vəsiqəmizi və telefonumuzu təhvil verib yoxlanış otağına yollanırıq. Yoxlanışdan sonra tədbirin keçiriləcəyi məkana üz tuturuq. Budur, həbsxana həyəti: dörd tərəfi otaqlarla çərçivələnib, damlara dəmir məftillər hörülüb və mərkəzdə isə bir yanğının söndürülməsi üçün nəzərdə tutulan hovuz var. Bizi görən xanımlardan kimisi pəncərədən boylanır, kimisi qapıdan baxırdı. Onların bayramını təbrik edib, bizim üçün nəzərdə tutulan otağa daxil oluruq. Artıq müğənni qonaqlar da gəlib, məhkum qadınlar da konsert zalına toplaşıb. Rəsmi hissə başlayır. Penitensiarın əməkdaşları, R.Əliyeva qadınları təbrik edib, onlara azadlıq arzulayır.
İlk diqqətimi çəkən məhkumların hamısının qara geyim geyinməsi oldu. Bilmirəm bu tələbdir, yoxsa onlar qara bəxtlərindən küsüblər. Bir həmkarım isə fərziyə irəli sürür ki, qara gec çirklənir, ona görə qara geyiniblər. Bu sualım cavabsız qalıb. Amma onu bilirəm ki, üzlərinə baxmağa utanırdım. Sanırdım ki, onlara diqqətlə baxsam, utanacaqlar, sıxılacaqlar. Bəlkə də, aralarında qatı cinayətkar, bəlkə də, günahsızlar var. Amma onlara baxanda təəssüflənirdim. Hər zaman qadınların yanında olan, onları müdafiə edən, güclü olduqlarına inandırmağa çalışan biri olmuşam. Bir qadının gözündə çarəsizlik görmək insanı məyus edir.
Canımı yandıran isə bu olmadı. Orada gördüyüm yeni doğulan körpənin mövcudluğu oldu. Məndən bir metr arxada üç qadın qucağında körpələri ilə oturmuşdu. Bir aylıq balacanı görəndə dünyadakı hər şeyə nifrət etdim. Onun nə günahı var? Bəlkə də, anası da hansısa zalımın zülmündən canını qurtarmaq üçün cinayət işləyib, ya da çarəsizlikdən oğurluq edib. Bilmirəm. Əslində gedəndə oradakı qadınlarla söhbətləşməyi düşünmüşdüm. Amma o körpə məni məndən aldı. O görüşdən saatlar keçib, amma mən hələ də onu düşünürəm. Allah qapını açsın, körpəm…
Könül İbrahim,
Musavat.com


