Pambıq tarlalarında təsadüfi hadisələr yoxsa, təxribat?! – “Bu, zəhərlənmə demək deyil”
Tərtərdəki pambıq əkininin sifarişçisi olan “Aqrarkredit” şirkəti MMC rayonda baş vermiş zəhərlənmə faktı ilə bağlı açıqlama verib.
Şirkətin direktor səlahiyyətlərini icra edən Bəhruz Camalov Modern.az-a bildirib ki, pambıq tarlasında təhlükəsizliyə riayət edilməməsilə bağlı iddialar əsassızıdır:
“Xəstəxanalara müraciət edən adamlarda ürəkbulanma kimi hallar müşahidə olunub. Bu isə zəhərlənmə demək deyil. Zəhərlənmə diaqnozu təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək”.
B.Camalov tarlalarda istifadə müddəti bitmiş dərmanların tətbiqinə də münasibət bildirib:
“Biz şirkət olaraq kimyəvi pereparatları qeydiyyatdan keçən, lazımi sertifikat və şəhadətnamərlər almış və uzun müddət bu sahə ilə məşğul olan “EMA” MMC şirkətindən alırıq. Bizim mütəxəssislərimiz dərmanlarla bağlı həm fermerləri, həm də sahədə işləyəcək olanları təlimatlandırırlar. Elə dərmanlar var ki, onu tətbiq etdikdən 1 gün sonra sahəyə girilməlidir, amma işçilər 5 gün sonra girib. Yəni “işçilərin sahə dərmanlanan kimi ora göndərilməsi” fikirləri doğru deyil. Biz nəticələri gözləyirik. Hazırda araşdırmalar gedir, iki mütəxəssisimiz Tərtədədir. Araşdırmalar bitdikdən sonra hansı nəticəyə gəlinəcəksə, ona uyğun da qərar veriləcək. Amma biz təhlükəsizliyə və dərmanların keyfiyyətinə cavabdehik”.
Qeyd edək ki, məhz bu ərəfədə şirkətin direktoru Zakir Əzimov ərizə yazaraq işdən ayrıldığını bəyan edib. Hazırda onun səlahiyyətlərini Bəhruz Camalov icra edir. Onun yaxın günlərdə direktor vəzifəsinə təyin olunacağı gözlənilir.
Xatırladaq ki, bu günlərdə bir neçə rayonun pambıq sahələrində çalışanlar zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onların arasında vəziyyəti ağır olanlar reanimasiyaya köçürülüb.
Minval.info xəbər verir ki, artıq sosial şəbəkələrdə sözügedən eyni hadisələrin müxtəlif yerlərdə təsadüfən baş vermədiyi kimi fikirlər ortaya atılır. Belə ki, yeni nazir təyinatından sonra zəhərlənmə hallarının ardıcıl qeydə alınması cəmiyyətdə İnam Kərimova qarşı təxribatın aparıldığı barədə rəy formalaşdırıb. Kimlərinsə bunda maraqlı olduğu söylənilsə də, ortada bunu sübut edən fakt yoxdur. Bundan əlavə, hər bir halda araşdırmaların aparıldığı deyilir. Zəhərlənmələrin təsadüfi və ya bilərəkdən baş veridiyi yaxın zamanlarda məlum olacaq.
Qeyd edək ki, İnam Kərimov bu il ölkədə keçirilən prezident seçkilərindən sonra kənd təsərrüfatının rəhbər postuna təyin olunub.
Minval.info

