Paşinyan devrilsə sülh şərtləri qüvvədən düşəcək? – Politoloq düşmən ölkədəki etirazları şərh edir
Xəbər verdiyimiz ki, Rusiya, Azərbaycan və Ermənistan arasında olan razılaşmaya əsasən atəşkəs elan olunub və münaqişə öz həllini tapıb.
Ermənistan tərəfinin, yəni Nikol Paşinyanın sözügedən sənədə imza atması isə İrəvanda birmənalı qarşılanmayıb. Belə ki, xalq küçələrə axışaraq, hökumət binasına, parlamentə hücum edib.
Maraqlıdır, kütləvi etirazlar Paşinyan hakimiyyətinin sonunu gətirə bilərmi? Paşinyan devrilsə Rusiya yeni hakimiyyətin formalaşmasına müdaxilə edəcəkmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Paşinyanın devriləcəyi təqdirdə Rusiyanın hərəkətə keçəcəyini bildirib:
“Bu hadisələrin lap əvvəlindən bəlli idi ki, hansı erməni hökuməti bu şəkildə güzəştə gedəcəksə, reallığı qəbul edəcəksə onun Ermənistanda hakimiyyətdə qalmaq şansı sıfıra bərabər olacaq. Ermənistanda baş verən etirazlar da əslində bunun bir təzahürüdür.
Ona görə də indiki vəziyyətdə Paşinyan hökumətinin hakimiyyətdə qalıb-qalmaması hələlik sual altındadır. Düşünürəm ki, imzalanan bəyanatın özü də müəyyən suallar doğurur. Çünki Ermənistanda hökumət devrilərsə və Rusiyayönümlü və ya fərqli bir hökumət formalaşarsa onda həmin hökumətin bu sənədi tanımamaq şansı var.
Artıq parlamentdə bu sənədə etimad göstərməməklə bağlı etirazlar var. Müxalif partiyalar üstünlüyü ələ alsalar, sənədin etibarlılığı da itəcək. Bu günə qədər əksəriyyət Paşinyana dəstək idi və Rusiya tərəfi Paşinyanı devirə bilmirdi. Amma indi vəziyyət fərqlidir və xalq ayağa qalxıb, daha o dəstək yoxdur.
Əgər Ermənistan xalqı imzalanan sənədi Paşinyana bağışlamasa əmin olun ki, Paşinyan özü könüllü istefa verməklə sənədin legitimliviyini şübhə altına bilər. Əgər belə olarsa Rusiya hərəkətə keçəcək və onlar Ermənistanda Rusiyaya meyilli bir hakimiyyətin formalaşmasına çalışacaq”.

