Pilotla vida mərasiminə jurnalistlər buraxılmır – FOTOLAR
Hazırda Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.
Musavat.com xəbər verir ki, vida mərasimində hərbiçilər, dövlət və hökumət nümayəndələri, mərhumun yaxınları iştirak edirlər. Lakin jurnalistlər içəri buraxılmır. Vida mərasimi yarım saatdır başlasa da, media nümayəndələri qapıda saxlanılıb. Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən fikir almağa çalışsaq da, zəngimizə cavab verilmədi.
Qeyd edək ki, Rəşad Atakişiyevin nəşi günorta saatlarında II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları uzun sürən axtarışlardan sonra avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.






