Politoloq Şahin Cəfərli: “Öz iradəsi ilə getməyənləri əvvəl-axır aparırlar…”
Politoloq Şahin Cəfərli Ermənistandakı, konkret olaraq, paytaxt İrəvandakı son hadisələrlə bağlı sosial şəbəkədə status yazıb.
Minval.İnfo mövzunun aktuallığını nəzərə alaraq, həmin statusu təqdim edir:
“Gündüz saatlarında Paşinyanın və digər fəalların həbsi əks effekt verdi. Meydana çıxanların sayı daha da artdı. Rayonlarda da mitinq və yürüşlər keçirilir, əyalətdən paytaxta axışanlar da var.
İrəvan erməniləri uzun illərdir hakimiyyəti əlində saxlayan gəlmə Qarabağ klanını heç vaxt sevməyiblər, 2001-ci ildə Ermənistana səfər zamanı buna şahid olmuşdum.
Serj Sarkisyan 2015-ci ildə Konstitusiyanı dəyişəndə söz vermişdi ki, prezidentlikdən getdikdən sonra baş nazir vəzifəsinə də iddia etməyəcək. Onun siyasi fırıldaq işlədərək hakimiyyətdə qalması görünür, insanları qəzəbləndirib.
Açığı, ilk günlər etirazların hər hansı siyasi nəticə verməyəcəyini düşünürdüm və Paşinyanın personasını ciddiyə almırdım. Hadisələr hakimiyyət dəyişikliyi ilə nəticələnməyə bilər, amma əhalinin bu miqyasda ayağa qalxmasının özü artıq nəticədir və bunun Ermənistandakı siyasi proseslərə təsiri olacaq.
Çox uzun müddət hakimiyyətə pərçimlənib, getməməyə qərar vermək hər kəs – xalqlar üçün də, həmin liderlərin özləri üçün də yaxşı sonluqla bitmir. Yaxın və uzaq tarix bu barədə təcrübələrlə doludur. Gəlmək kimi, getməyi də bacarmaq lazımdır. Öz iradəsi ilə getməyənləri əvvəl-axır aparırlar…”
Minval.İnfo

