Prezidentin köməkçisi ilə görüşdə mədəniyyət xadimləri nələri müzakirə ediblər – açıqlama
Avqustun 18-də Prezidentinin köməkçisi Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalı ilə görüş keçirib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak ediblər.
Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq olduğunu bildirib.
Xatırladaq ki, ötən il mart ayının 1-də ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb, onları dinləmişdi. Həmin görüşdə də çoxlu sayda təklif və tövsiyələr səslənmişdi. Görüşün ardınca prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatrına və Dövlət Rus Dram Teatrına akademik statusu verildi. Həmçinin, prezidentin digər sərəncamı ilə martın 1-dən etibarən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 50 faiz artırıldı.
Bəs iki gün öncə prezident köməkçisi ilə keçirilən görüşdə hansı məsələlər müzakirə edildi, təkliflər irəli sürüldü?.

Siyavuş Kərimi: “Hər kəs onu narahat edən problemlər haqqında danışdı”
Görüşdə iştirak edən Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Siyavuş Kərimi məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. O, ötən ilin mart ayının 1-də cənab prezidentin mədəniyyət və incəsənət xadimləri ilə böyük bir toplantı keçirdiyini xatırladıb: “Həmin zaman mədəniyyətdə baş vermiş və baş verəcək işlər haqda müzakirələrin hamısını dinlədi, öz qeydiyyatını apardı. O zamandan sonra belə bir təklif oldu ki, daha tez-tez görüşək. Beləliklə bu il də belə bir görüş keçiriləcəyini gözləyirdik. Lakin çox təəssüf ki, pandemiya səbəbindən bu görüşün təkrar keçirilməsi mümkün olmadı.
Lakin gördüyünüz kimi ötən gün prezidentin köməkçisi məlum görüşü təşkil etdi. Görüşdə mədəniyyət sahəsində mövcud problemlər, bu problemlərin həlli istiqamətində görülə biləcək işlər, təkliflər səsləndirildi, müzakirələr aparıldı.
Görüş çox isti, səmimi keçdi. O qədər səmimi söhbət oldu ki, 2 saat yarım ərzində vaxtın necə keçdiyini bilmədik. Hər kəs onu narahat edən problemlər haqqında danışdı”.
Siyavuş Kərimi keçirilən görüşün vacibliyini vurğulayıb: “Hesab edirəm ki, bu çox vacib bir görüş idi. Biz dinlənildik, bizi eşitdilər, bu çox mühümdür. Belə bir qərar gəldik ki, hər 3 aydan bir həmin bu tərkibdə görüşlər keçiriləcək.
Belə bir məqamı da qeyd edim, məlum məsələdir ki, hansısa təklif olanda 3 aydan sonra həmin təklifə artıq başqa yanaşma ola bilər. Zaman dinamikdir, hər şey tez dəyişir. Biz bunu konkret, dəqiq bilməli, hiss etməli, müzakirə etməliyik və bunun üçün də imkanımız olmalıdır.
Düşünürəm ki, belə görüşlərin mütəmadi olaraq keçirilməsi bizim mədəniyyətimizin inkişafına, onun daha da böyük vüsət almasına çox böyük dəstəkdir. Əlbəttə ki, buna görə rəhbərlik etdiyim qurum və öz adımdan, ümumiyyətlə mədəniyyət işçiləri adından çox böyük təşəkkürümü bildirirəm”.

Yazıçı Anar: “Yazıçıların mənzil problemindən danışdım”
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev görüşlə bağlı təəssüratlarının çox xoş olduğunu dedi:
“Təəssüratlarım çox xoşdur. Çox səmərəli görüş keçdi. Bildiyiniz kimi, görüşdə bir sıra yaradıcılıq təşkilatlarının rəhbərləri iştirak edirdi, hər kəs öz ittifaqının problemlərindən danışdı. Mən də Azərbaycan Yazıçılar Birliyinin mənzil problemindən danışdım. Daha sonra Şüvəlanda yerləşən yaradıcılıq evinin təmirindən də söz açdım. Xatırladım ki, yaradıcılıq evinin təmiri ilə bağlı prezidentin sərəncamı olsa da, nədənsə bu məsələ hələ ki, öz yerindən tərpənmir. Bildirildi ki, bu məsələni prezidentə çatdıracaqlar”.

Ömər Eldarov: “Hesab edirəm ki, bu görüşdən sonra bir neçə problem öz həllini tapacaq”
Görüşdə iştirak etmiş digər məşhur incəsənət xadimi, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da öz təəssüratlarını bölüşüb:
“Həmin görüşdə hamı danışdı, bir məndən başqa. Mədəniyyət sahələri ilə bağlı çoxlu sayda təkliflər səsləndi. Həm prezidentin köməkçisi Anar Ələkbərov, həm də Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov deyilən bütün təklif və tövsiyələrin hamısını qeydiyyata aldı.
Çoxu mənzil məsələsi ilə bağlı danışdı. Düşünürəm ki, onların hamısının həll olunması çətin olacaq. Lakin hesab edirəm ki, bu görüşdən sonra bir neçə problem öz həllini tapacaq.
Görüş zamanı təklif edildi ki, hər 3 aydan bir yığışaq və bu cür təklif və tövsiyələrimizi bildirək”.

