Prokuror “peysər” sözünə görə ağır cinayət törədən gəncə cəza istədi
Bir qrup gəncin söyüş üstündə başlayan mübahisəsi cinayətlə nəticələnib. Onlardan biri digərini idman fəndi ilə yerə yıxıb. Yerə yıxılan gənc gicgah nahiyyəsindən ağır xəsarət alıb.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və azadlıqdadır. Vazeh 18 yaşını yenicə tamamlayıb.
Bu işdə zərərçəkmiş şəxs isə Əlikram Rəhimovdur. Bu davada iştirak edənlərdən yaşda ən böyüyü də Əlikram olub. Əlikramın 21 yaşı var, ailəlidir, övladı da var.
İttihamda göstərilir ki, tərəflər arasındakı davaya səbəb Əlikramın Vazehin də tanışı olan başqa biri haqda söyüş söyməsi olub. Həmin şəxsin isə 15 yaşı (adını şərti olaraq Nəriman olaraq qeyd edirik) var.
Belə ki, Əlikram dostlarına deyib ki, Nəriman haqda məhəllədə xoş söz danışılmır. Onun barəsində söyüş də söyülüb. Daha sonra Əlikram Nərimanı məhəllədə olan başqa bir dostu ilə birlikdə görüb. Həmin dostuna məsləhət görüb ki, Nərimanla gəzməsin. Bu söhbət qısa zamanda məhəllədə olan digər gənclər arasında da yayılıb. Vazeh bu məsələyə aydınlıq gətirmək üçün Əlikramla görüşmək istəyib. Əlikram “whatsapp” sosial şəbəkəsində qrupa yaradıb. Adını “Akulalar” qoyduğu qrupa Vazehi və məhəllədə olan bir neçə dostunu da əlavə edib. Onlar görüş üçün vədələşib.
Görüş yerində ilk olaraq Vazehlə Əlikram söhbət edib. Onlar arasında mübahisə yaranıb. Vazeh idman fəndi ilə Əlikramı yerə yıxıb. Başı asfalta dəyən Əlikram gicgah nahiyyəsindən xəsarət alıb və huşunu itirib və dərhal xəstəxanaya çatdırılıb. Əlikram həkim müdaxiləsindən sonra 10 gün də müalicə alıb.
Vazeh bundan sonra cinayət məsuliyyətinə cəlb edilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Vazeh Babayevin vəkili müdafiə çıxışı edib. Bildirib ki, Vazehin əməlində xuliqanlıq yoxdur.
Vazeh məhkəmədəki çıxışında deyib ki, bu hadisə anidən baş verib. O, Əlikrama xəsarət yetirmək istəmədiyini deyib.
“Əlikramın Nəriman haqda dediyi söz xoş deyildi. Mənim də Nərimanla münasibətim yaxşı idi. Bir-birimizin evinə gedib-gəlirdik. Onu yaxşı oğlan kimi tanıyırdım. Əlikram dedi ki, Nəriman “peysər”di. Mən də Nərimanla dost olduğumu dedim. Cavab verdi ki, onunla gəzən, elə onun kimidir. Bu söz məni özümdən çıxartdı. Əsəbimdən özümü itirdim və onu yıxdım”- deyən Vazeh Əlikramı necə yerə yıxdığını da izah edib.
O, bildirib ki, iki ay imiş güləşlə məşğul olurmuş. O, güləş fəndi ilə Əlikramın belindən tutaraq yerə yıxdığını deyib.
Vazeh əməlindən peşman olduğunu, hadisə vaxtı da dərhal Əlikrama kömək etdiyini deyib.
Məhkəmənin davamında dövlət ittihamçısı çıxış edib. Prokuror V.Babayevə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

