Qadının evinə basqın edən qardaşlara 24 il həbs cəzası verilib
Qohumunun evinə basqın edən qardaşlara cəza kəsilib.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, xuliqanlıqda təqsirləndirilən Orxan Hümbətov, qardaşı Vaqif Hümmətov və tanışları Rəmzi Muradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Vaqif Hümbətov 5 il, Orxan Hümbətov 10 il, Rəmzi Muradov isə 9 il müddətə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, hadisə ötən il Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.
Orxan Hümbətov tanışı Rəmzi Muradovla birlikdə qohumu Nuridə Məmmədovanın evinə basqın edib. Həmin şəxslər qadın əl qolunu bağlayaraq onun 5 min manat pulunu alıblar.
Məlum olub ki, Hümbətov qardaşları Nuridə Məmmədova ilə qohumdur. Onlar Nuridə Məmmədovanın lotoreya oynadığını və 5 min manat götürdüyünü biliblər. Bu məqsədlə də onun evinə basqın ediblər.
Onlar ətrafında aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, Orxan Hümbətov qardaşı Vaqif Hümbətovla birlikdə xuliqanlıq da ediblər.
Belə ki, onlar Biləcəri qəsəbəsində “KamAZ” sürücüsünü xuliqanlıq niyyəti ilə döyüblər. Vaqif Hümbətov saxlanılan zaman onun üzərindən silah və narkotik maddə aşkarlanıb.
Minval.info

