Qadınlar yandı, dünya onların xatirəsini bayramla anır – 8 martla bağlı bilmədikləriniz
Dünyanın bir sıra ölkələrində 8 mart Beynəlxalq Qadınlar günü kimi qeyd edilir. 8 martın tarixi Amerikada cəmiyyətdə və iş mühitində cinsi diskriminasiya ilə mübarizə aparan qadınlarla bağlıdır.
1857-ci il martın 8-də Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri etiraza qalxıb. Qadınlar 10 saatlıq iş günü, rahat iş yeri, kişilərlə eyni maaş tələb ediblər. Qadınlar üçün iş saatı sutkada 16 saat müəyyən edilmişdi, maaş isə kişilərdən daha az idi.
Polis nümayişi zor gücünə dağıtmağa çalışıb, fabrikin qapılarını bağlayaraq işçilərə çıxmağa imkan verməyib. Böyük əksəriyyətini qadınlar təşkil edən 129 nəfərlik fabrik işçisi içində yanaraq ölüb. Yarım əsr sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində sosialistlərin 2-ci Beynəlxalq Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin bu hadisəni xatırladıb və yanğında ölən qadınlarn şərəfinə 8 martın Dünya Qadınlar günü kimi qeyd edilməsi təklifini irəli sürüb. İlk dəfə “Qadınlar günü” 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd edilib.
Azərbaycanda 8 mart ilk dəfə 1917-ci ildə keçirilib. Sovet hakimiyyəti dönəmində 8 mart bayram kimi qeyd edilsə də, qeyri-iş günü kimi təqvimə ancaq 1965-ci ildə daxil edilib. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyıb. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar gününü qeyd edib. 1977 -ci ildə BMT ölkələrə müraciətlə qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması və bərabərlik mesajı verən gün seçməyi təklif edib və ortaq qərarla bu gün 8 mart olub. Hər il BMT 8 mart üçün bir şüar seçir və həmin istiqamətə səyləri yönəltməyi tövsiyyə edir. Bayramın simvolu isə tünd qırmızı rəngli lentdir.
Hazırda dünyanın hər ölkəsində bu bayram müxtəlif qeyd edilir. Minval.info bəzi ölkələrin 8 martın necə keçirildiyi barədə məlumat verir.
Almaniya: Bu ölkədə 8 mart qeyri-iş günü deyil. Bu tarixin Almaniyada sosialist kökləri var. Şərqi Almaniyadan olan almanlar 8 martda qadınları bayram münasibətilə təbrik edib, hədiyyələr alırdılar. Qərbi Almaniyada isə nəinki bu günü bayram etmir, ümumiyyətlə, bayram barədə heç nə bilmirdilər. Birləşmədən sonra bayram ölkədə müəyyən qədər populyarlıq qazanıb. Ancaq buna baxmayaraq, ölkənin qərbindən olan almanlar yenə də 8 martı təntənə ilə qeyd etməyə maraq göstərmədilər. Ölkədəki KİV 8 martla bağlı məlumatlar versə də, Almaniyada qadınlar bayramı kimi əsasən mayda qeyd olunan “Analar günü” nəzərə alınır.
Fransa: Bu ölkədə də Qadınlar gününün geniş şəkildə qeyd edilmə ənənəsi yoxdur. Mətbuat bu barədə yazır, günün tarixi barədə məlumat verilir, ancaq bayram kimi sağçılar və kommunistlər qeyd edir. Əvəzində qadınlar mayda qeyd etdikləri Analar günündə xüsusi təmtərağın şahidi olurlar. Gənc qızları isə bu bayramlardan heç birində təbrik etmirlər. Gənc qızlar təbriki ancaq Valentin günündə, yəni, 14 fevralda alır.
İsveç: Qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür.
Vyetnam: Bu ölkədə qadınlar gününün qədim tarixi var. Ancaq əvvəllər bayram günü kimi ölkənin Çin təcavüzündən qorunmasında böyük qəhrəmanlıq göstərən Çınq bacılarının anım günü qeyd olunurdu.. Döyüşdükləri birlik mühasirəyə alınanda bu qızlar əsir düşməmək üçün özlərinin çaya adıblar. Vyetnam sosializmə keçdikdən sonra bacıların anım günü 8 marta keçirilıb.
İtaliya: İtalyalı xanımlar 8 martı kişilərlə bərabər qeyd etmir, yaxud onlardan hədiyyə gözləmirlər. Qadınlar bir yerə toplaşır və qadın-qadına bayram keçirirlər. Restoran və kafelər həmin gün daha çox qadın müştərilərlə dolur. Gecələr isə qadınlara Roma barlarında xüsusi sürpriz olur – Kişilərin striptiz göstərirlər. Barlara qadınların girişi də pulsuzdur.
Yaponiya: Bu ölkədə qadınlar gününə bir qədər fərqli yanaşılır. Yapon adətinə görə 14 fevralda qız sevdiyi bəyə hədiyyə alır, 14 martda da bəy həmin hədiyyəninin əvəzini xanıma qaytarır. 14 fevralda hədiyyə verməyən qadınlar isə, 14 martda hədiyyə gözləmir.
Çin: Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün ev işləri, ən başlıcası isə yemək hazırlamaq bəylərin vəzifəsi hesab olunur.
Cənubi Afrika Respublikası: Burada 8 martla bağlı xüsusi bayram ənənəsi yoxdur. CAR-ın öz qadınlar bayramı var – 9 avqust. Dövlət səviyyəsində qeyd olunan bayramda apartheid (irqi ayrı-seçkilik) zamanı mübarizə aparan qadın fəallar xatırlanır.
Dəniz Kərimzadə
Minval.İnfo

