Qala qəsəbəsində sakinlər etiraz aksiyası keçiriblər – Fotolar, Video
Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağ massivinin sakinləri etiraz aksiyası keçiriblər.
Sakinlər musavat.com-a bildiriblər ki, etirazlarının səbəbi evlərinin qanunsuz tikili adlandırılmasıdır. Belə ki, sakinlərin sözlərinə görə, onlara Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin adından bildirilib ki, ərazidə tikilən evlərin hamısı qanunsuzdur. Buna görə də sökülməlidir. Sakinlər bildirirlər ki, ərazidə tikilən evlərin böyük əksəriyyəti 1990-cı illərin əvvəllərində inşa olunub:
“Burada yaşayanların əksəriyyəti Kəlbəcər rayonundan olan məcburi köçkünlərdir. Kəlbəcər rayonu işğal edildikdən sonra rayonun sakinlərinin bir qismi bu ərazidə yerəşdirilib. Camaat da ərazidə zülmlə ev tikib, məskunlaşıblar. Sonradan isə digər bölgələrimizdən də olan sakinlər buradan pulu ilə torpaq alıb, ev tikiblər. İndi də bizə bildirirlər ki, ərazidə qanunsuz olaraq məskunlaşmışıq. Bakı Şəhər Baş Polis İdarəsindən bizə bildirilib ki, ev və torpağa aid olan sənədləri götürüb, idarəyə gəlin. Lakin bizim heç bir sənədimiz mövcud deyil. Deyirlər ki, evlər qanunsuzdur. Bizə bildirirlər ki, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib ki, camaat həmin ərazidə qanunsuz məskunlaşıblar. Necə qanunsuz məskunlaşmışıq ki, illərdir bizə bir söz deyən yoxdur. Kənddə məktəb var, uşaq bağçası tikilib. Eləcə də kəndin bütün kommunal xətləri çəkilib, camaat da hər ay dövlətə kommunal xərclər ödəyirlər. Həmçinin kənddə seçki məntəqəsi də mövcuddur. Bütün bunlar varsa, necə olur ki, kənddəki evləri qanunsuz tikili adlandırırlar?”
Sakinlər etiraz olaraq noyabrın 5-i səhər saatlarında massivin küçələrinə çıxıb, dinc etiraz aksiyası keçiriblər. Əraziyə polis patrul xidmətinin əməkdaşları gəliblər. Sakinlərə bildirilib ki, şikayətləri dinləniləcək və müvafiq tədbirlər görüləcək.
Məsələ ilə bağlı münasibət almaq üçün Xəzər Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi yaratmağa cəhd etdik. Lakin israrlı zənglərimizə cavab verən olmadı.




