“Qarabağ”dan yenicə ayrılan futbolçu: “Zirə”ni buna görə seçdim
“Zirə” klubuna bu gün transfer olunmuş 21 yaşlı istedadlı futbolçu Nicat Süleymanov minval.info-ya müsahibə verib.
Əməkdaşımızın futbolçu ilə söhbətini təqdim edirik:
-Niyə məhz “Zirə” ?
– “Zirə” klubunun şərtləri digər klublarla müqayisədə daha uyğun oldu. Ona görə, karyeramı burada davam etdirmək qərarını verdim.
– Avropa futbolunda potensiallı futbolçuları icarəyə göndərirlər ki, təcrübə toplasın. Səncə, bu transfer sənin inkişafınla bağlıdır, yoxsa klubun öz planları var ?
– Bildiyiniz kimi, “Qarabağ”da güclü futbolçular olduğuna görə, oynamaq şansım az idi. Bu səbəbdən “Zirə”ni seçdim. Düşünürəm ki, burada özümü göstərmək və heyətdə şans qazanmaq şansım daha çoxdur. Eyni zamanda, “Zirə” potensialımın görünməyən tərəflərini üzə çıxarmaqda yardımçı olacaq.
-“Zirə”də mübarizə gərgindirmi? Hansı futbolçularla rəqabətə girmək çətindir? Əsas heyətə düşmək çətin olmayacaq?
– Ümumiyyətlə, heç bir komandada mubarizə zəif olmur. Hər bir futbolçu əsas heyətdə çıxış etmək üçün əlindən gələni edir. Həmçinin mən də əsas heyətdə oynamaq üçün, məşqlərdə var gücümlə çalışacağam ki, məşqçilər korpusunun etimadını qazanım ki, daha çox şans qazanım və ilk 11-likdə yerimi bərkidim.
– Bu mövsüm qarşına qoyduğun əsas məqsədlər hansılardır ?
– Bu klubda qarşıma qoyduğum məqsəd, özümü sübut etmək, daim start heyətdə olmaq, bundan başqa, milli komandaya daimi dəvət almaqdır. Milli komandada layiqincə çıxış etməyə hər zaman hazıram.
– Yeni baş məşqçin Samir Abbasov ilə söhbətin olub ?
– Sözün düzü, Samir müəllimlə söhbətim olmayıb. Tələbkar məşqçidir, işinin peşəkarlarındandır. Məni komandasında görmək istəyib ki, dəvət edib. Onun inamını yalnız və yalnız doğrultmağa çalışacağam.
Ağa Dadaşzadə

