Qarabağ qazisinin atası: “Yevlaxın icra başçısı bizə Mingəçevirin ərazisində torpaq verib…”

Vətəndaş iki icra başçısından şikayətçi olduğunu deyir

Yevlaxın Havarlı kənd sakini Əfqan İzzət oğlu Mustafayev rayonun və Mingəçevirin icra başçılarından şikayətçidir.

Vətəndaş Meydan TV-yə deyir ki, İkinci Qarabağ müharibəsindəki döyüşlərdə bədən üzvünü itirən oğlu Cavid Mustafayev üçün torpaq almaq istəyib.

Bunun üçün Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət edib, ona torpaq verilib:

Oğlum Cavid Mustafayev İkinci Qarabağ müharibəsində bir ayağını dizdən yuxarı itirib. 2021-ci ilin martında Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, oğluma, Xaldan-Mingəçevir yolunun sol tərəfindən, yaşadığımız kəndin ərazisindən üç sot torpaq sahəsi versinlər. Oğlum müharibədən əvvəl avto-elektrik işləyirdi. Fikirləşdim ki, həmin ərazidə maşın sexi tikib işlədər”.

Əfqan Mustafayevin sözlərinə görə, Yevlax Şəhər İcra Hakimiyyəti istədiyi yerdən ona üç sot torpaq ayırıb:

“Onlar da həmin dəqiqə bizim bələdiyyəyə göstəriş verdilər ki, həmin yeri qaziyə verin. Həmin yer çökəklik idi. Hardasa üç metrdən yuxarı dərinliyi var idi. Ətrafdakı mağazalar, obyektlər zibillərini həmin əraziyə tökürdülər. Baxımsız bir yer idi. Bizə dedilər ki, çökəkliyi torpaqla doldurun, abadlaşdırın. Rayonun elektron xəritəsi iki-üç aya gələn kimi sizə çıxarış verəcəyik”.

Şikayətçi deyir ki, doqquz ay ərzində bir neçə dəfə çıxarış almaq üçün icra hakimiyyətinə gedib.

Hər dəfəsində də ona torpağın artıq ona aid olduğunu deyiblər:

2021-ci ilin sonuna kimi üç-dörd dəfə maraqlandım, soruşdum, dedilər ki, xəritə gəlməyib. Sən get, işində ol, ora sənindir. Mən də beş min manatdan çox xərc çəkib, həmin çökəkliyi torpaqla doldurdum, düzləşdirdim. Mən oranı düzəldəndən sonra kənardan yaxşı göründü. Bundan sonra Mingəçevirin icra başçısı, bələdiyyə sədri və memarı gəldilər ki, bu ərazi  Mingəçevirə aiddir. Mingəçevirin icra başçısı, bələdiyyəsi və memarı mənə dedilər ki, sənin oğlun Yevlax qazisidir. Yevlaxda qeydiyyatdadırsa, get torpağı oradan da götür”.

Əfqan Mustafayev baş verənlərdən sonra Yevlaxın icra başçısı Anar Tağıyevin qəbuluna gedib.

Vətəndaş deyir ki, eyni sözləri – torpağı Mingəçevir ərazisində olmasını Yevlaxın icra başçısı da ona etiraf edib:

Başçı mənə dedi ki, qanuna əsasən, ərazilərin dövlət reyesterinə daxil edilməsi və onlara şəhadətnamənin verilməsi Milli Məclis tərəfindən həyata keçirilir. Həmin ərazi də 2018-ci ildə Milli Məclisin sədrinin imzası ilə Mingəçevirə verilib. Başçıdan soruşdum ki, əgər ərazi 2018-ci ildə Mingəçevirə verilmişdisə, 2021-ci ildə niyə məni bu qədər ziyana, əziyyətə salırdınız?  Mən həmin ərazidə dörd-beş ay iş görmüşəm. Xeyli pul xərcləmişəm. Başçı dedi ki,  ərazinin Mingəçevirə aid olduğunu bilməmişik. Dedim ki, necə yəni bilməmisiniz. Siz rayon təhvil götürmüsünüz, rayonun icra başçısısınız. Siz bilmirsiniz ki, rayon hardan başlayır, harada qurtarır? Cavabında dedi ki, biz sənin oğluna yaxşılıq etmək istəyirdik, alınmadı“.

Əfqan Mustafayev qeyd edib ki, həmin hadisədən sonra Yevlax Şəhər İcra Hakimiyyəti ona rəsmi məktub ünvanlayıb:

“Məktubda qeyd olunub ki, həmin ərazi 2018-ci il Milli Məclisin sədrinin imzası ilə Mingəçevirə verilib. Əlavə olunurdu ki, həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Mingəçevir şəhər bələdiyyəsinə müraciət etməliyəm. Məktubdakı reyester nömrəsinə əsasən Mən Milli Məclisə sorğu göndərdim. Sorğuya cavab gəldi ki, 1979-cu ildə tərtib edilmiş Azərbaycan SSRİ-nin inzibati bölgüsünə əsasən, Havarlı kənd sovetinin tərkibindəki Havarlı kəndi Yevlax rayonunun inzibati ərazi bölgüsünə daxil edilib”.

2018-ci ildə Havarlı kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib. Məktubda daha sonra bildirilir ki, Havarlı kəndinin iki hissəyə bölünərək, Mingəçevir şəhərinin ərazisinə verilməsi barədə Milli Məclisinin qanunvericilik bazasında heç bir məlumat yoxdur”,-deyə o əlavə edib.

Vətəndaş bildirir ki, Milli Məclisdən aldığı məktubu Yevlax Şəhər İcra Hakimiyyətinə təqdim edib:

İcra hakimiyyətində mənə dedilər ki, ərazinin Mingəçevirə aid edilməsi ilə əlaqədar sənəd ola bilsin, Milli Məclisdə yoxdur. Dedim ki, siz nə danışırsınız? Milli Məclisin imzası ilə olan sənəd qanunvericilik bazasında necə olmaya bilər. Milli Məclisin məktubunu Yevlax Şəhər İcra Hakimiyyətinə təqdim edəndən sonra onlardan mənə cavab gəldi ki, 17 saylı Yevlax Ərazi İdarəsinin elektron məlumat bazasında torpağın Mingəçevirə aid kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olmasına dair məlumat var. Ərazi də Yevlax bələdiyyəsinin sərhədlərindən də kənarda yerləşir”.

Şikayətçi Yevlax Rayon Prokurorluğuna da müraciət etdiyini bildirib.

Ona məhkəməyə müraciət etməyi tövsiyə ediblər:

Deyirlər ki, məhkəməyə müraciət et, niyə sənədsiz torpaq götürmüsən, çiy iş görmüsən? Dedim ki, hər yoldan ötənə inanmamışam. Mən Prezident İlham Əliyevin etimad göstərib, rayona başçı təyin etdiyi adamın sözünə inanmışam. Bu, yalançıdırsa, məni də aldadırsa, deməli, prezidenti də aldadır”.

“Mənə başqa bir yerdən torpaq təklif edirlər. Müqayisə edim, elə bil, mənə deyir ki, “İçərişəhər”də ikiotaqlı təmirli evini Lökbatandakı ikiotaqlı təmirsiz evə dəyiş. Mənə neçə kilometr kənarda yenə çökəklikdə olan bir sahəni verir. Mən elə Mingəçevir-Xaldan yolunun qırağındakı çökəklikləri doldura-doldura getməliyəm? Elə bura xərc çəkmişəm də. İstədiyim ərazidə neft, qızıl yataqları, hərbi obyekt yoxdur. Kommunikasiya xətti keçmir. Torpağı bizə vermirlər, başımıza oyun açırlar”,-deyə o söyləyib.

Yevlax Şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev Meydan TV-yə bildirib ki, Ceyhun Mustafayev həmin ərazidə icazəsiz abadlıq işləri aparıb:

Qazimizə Havarlı bələdiyyəsindən torpaq təklif olunub. Lakin həmin torpaqdan imtina edib. Özü gedib, hazırda söhbət gedən yerdə abadlıq işləri aparıb. Sonradan da sənədləşmə məsələsi ortaya çıxandan sonra inzibati ərazinin Mingəçevir şəhərinə aid olması məlum olub. Mingəçevir Şəhər İcra Hakimiyyəti onlara dəfələrlə rəsmi və şifahi şəkildə bildirib ki, Mingəçevirin giriş qapısının ərazisinə yaxın olduğuna görə – orada park yaradacaqlar- həmin torpağın onlara verilməsi mümkün deyil”.

Şöbə müdiri həmçinin əlavə edib ki, Havarlı bələdiyyəsi Cavid Mustafayevə sahibkarlıqla məşğul olmaq üçün kənd ərazisindən alternativ yer təklif edib. Lakin vətəndaş bundan imtina edib:

“Qazimiz razılaşmır. Deyir ki, sırf iddia etdiyim yeri istəyirəm”.

Mingəçevir Şəhər İcra Hakimiyyəti və 17 saylı Yevlax Ərazi İdarəsi Meydan TV-nin zənglərinə cavab verməyib.

Sosial, Vacib

Nəşr edilib: 2023/05/08 12:03

Baxış:67


XƏBƏR LENTİ

2024/07/23 14:07

2024/07/22 22:21

2024/07/16 11:46

2023/05/08 12:03

2024/07/16 0:08

2024/07/15 15:25

2024/07/15 0:09

2024/07/14 15:16

2024/07/13 13:42

2024/07/13 13:40

2024/07/09 16:35

2024/07/09 12:06

2024/07/09 11:56

2024/07/08 12:49

2024/07/04 16:10

2024/07/04 15:36

2024/07/01 16:09

2024/07/01 16:06

2024/07/01 15:11

2024/06/27 14:39

2024/06/27 11:29

2024/06/26 12:51

2024/06/25 17:32

2024/06/25 15:46

2024/06/24 12:33

2024/06/21 12:18

2024/06/20 14:07

2024/06/14 14:16

2024/06/14 14:14

2024/06/14 14:13

2024/06/13 12:53

2024/06/10 17:59

2024/06/10 17:56

2024/06/06 12:38

2024/06/06 12:24

2024/06/06 12:22

2024/06/06 12:19

2024/06/06 12:15

2024/06/06 11:59

2024/06/06 11:54

2024/06/06 11:44

2024/06/06 11:40

2024/06/04 14:05

2024/06/04 13:58

2024/06/04 13:38

2024/06/04 13:16

2024/06/04 13:05

2024/06/04 12:55

2024/06/04 12:44

2024/06/04 12:33