Qarabulaq vadisi, içəridə intihar, sonu çuxur…

Biz kütləvi şəkildə naşükür camaat olduğumuzdan heç vaxt bu qədər maraqlı ölkənin qədrini bilməmişik. Ağlımız həmişə gedir dolanışıq, güzəran, çörək-filan kimi məsələlərə, fərqində olmuruq ki, ölkəmiz detektiv filmlərdəki kimi gərgin süjet xətti olan hadisələrlə, maraqlı proseslərlə zəngindir və sakitcə oturub tamaşa etmək, ləzzət almaq lazımdır (acqarına olsa da).

Yaxşı yadımdadır, 1994-cü ilin oktyabrının əvvəli idi, Surətin “bir qısmat” çörək yemək üçün inzivaya çəkildiyi günlər idi. Hamımız bilirdik ki, ölkədə nəsə xoşagəlməz, amma maraqlı hadisələr baş verir, orda-burda durub eşitdiklərimizi müzakirə edir, nəticələr çıxarır, doğru-dürüst qənaətə gələ bilmirdik. Birdən Mirzə adlı bir həmsöhbətimiz dedi ki, vallah, mən də bilmirəm, nə baş verir, bircə onu bilirəm ki, tarixi günlər yaşayırıq və uzun illərdən sonra bu günləri xatırlayacağıq, unudulub getməyəcək.

Elə də oldu. Üstündən 23 il keçib, biz hələ də Surətin “mən baş nazirəm, özümə qarşı qiyam qaldırajaxdım?” deyə, ritorik sual qoymasını xatırlayırıq. Sonra onun Azadlıq meydanında keçirilən mitinqdə suçuxmuş halda durmasını, həmin günün gecəsi aradan çıxmasını, 1-2 ildən sonra Rusiyadan qolubağlı gətirilməsini… Maraqlı günlər idi.

1995-ci ilin martında yenə maraqlı günlər oldu. Qiyam-filan. Novruz bayramına düşmüşdü. Həmin il atəşfəşanlıq yalnız 8-ci kilometr qəsəbəsində, XTPD-nin bazasında oldu. Ölənlər, yaralananlar, xeyli sayda tutulanlar… Tarixi günlər idi, maraqlıydı. Nə qədər istəsən, müzakirə etmək, mühakimə yürütmək olurdu.

Hələ 1998-ci il seçkiləri, SİDSUH, boykot, motodrom mitinqləri, televizyonçuların meydanı qarış-qarış ölçərək mitinqdə iştirak edənlərin dəqiq sayını (məsələn, “mitinqdə 4321 nəfər iştirak edib” kimi rəy bildirmək üçün), Etibar Məmmədovun seçkiyə getməsi, xeyli səs toplaması, yenə mitinqlər… Çox maraqlıydı. Tarixi günlər idi.

Hələ 2000-ci il. Millenium. Parlament seçkisi. Yenə mitinqlər, yenə alovlu çıxışlar. Şəkidə camaat İH başçısına daş atdı. Bakıda daş atan olmasa da, “Quska”nın uşaqları tökülüşüb liderləri döyməyə çalışdılar, ara yerdə Əvəz Temirxanın gözünün altına “fanar” qoyuldu. Onlardan da birini müxalifətçilər məktəbəin idman meydançasında təkləyib eşşək sudan gələnə qədər döydülər. Çox maraqlıydı, tarixi günlər idi.

2003 seçkiləri ondan da maraqlı oldu. Bu yaxın tarixdir, hamınız bilirsiniz. 2005-ci il isə lap əvvəldən maraqlı gəldi.

Bax, biz Hacı Məmmədovu 2005-dən tanımağa başladıq. “Qara kəmər” əməliyyatı keçirildi. Məlum oldu ki, ölkənin ən mütəşəkkil bandit qruplaşmasının başçısı polkovnik Hacı Məmmədov imiş. Nələr açıldı, nələr.

Qusarda Hacının saldığı qəbiristanlıq aşkarlandı. Girov götürülən şəxslərin saxlanması üçün düzəldilmiş həbsxanaların yeri təsbit olundu.

Ən maraqlısı çeçen əsilli üç banditin gəlib ölkəmizdə polis polkovnikinə xərac qoymasıydı. Bundan daha maraqlısı Hacının həmin banditləri bir-bir stula bağlayaraq başlarına butulkayla vurub öldürməsi, sonra meyitlərini gətirib “Qurd qapısı” tərəfdə bir maşına qoyub dərəyə yuvarlatmasıydı. Hamı elə bilmişdi, adamlar qəzaya düşüblər. Sonra bir polis polkovnikinin Hacı tərəfindən namus üstə qətlə yetirildiyi məlum oldu. Maraqlı iş idi. Şairin sözü olmasın, göylərdə (təyyarədə) başlayan məhəbbəti yerdə öldürmək düzgün olmasa da, Hacı bunu eləmişdi.

İndi çox adam elə bilir ki, Hacı təkcə Cahangir Hacıyevin həyat yoldaşı Zamirəni girov götürübmüş. Xeyr, ondan qabaq Hacı “Hafka”nın atasını da girov götürüb və tutulan zaman kişinin maşınının mücrüsündən 30 min dollar pul çıxıb. Elə buna görə də “Hafka”dan yarım milyon əvəzinə daha çox pul istəyiblər. “Varıdır, versin” deyə.

Çox maraqlı günlər idi. “Kurtlar vadisi”, “İçəridə”, “Çukur” kimi mafiya serialları bizimkinin yanında heç nəydi. Bu barədə hər gün qəzetlərdən oxuyurduq, telekanallarda da verirdilər, baxırdıq.

Qədirbilən camaatımız  xeyirdə-şərdə eyzən deyirdi ki, Hacının kasıb-kusubla işi olmayıb, həmişə varlılarla “işləyib”. Amma elə deyildi, polkovnik bir neçə kasıbı da ağzıyırtıqlıq eləməsinlər deyə Saray qəbiristanlığında öldürmüşdü.

Belə maraqlı hadisələrin baş qəhrəmanı olan adam dünən intihar edərək həyatına son verdi. Bizi onun əhvalatlarını seriala döndərmək imkanından məhrum etdi. Təfərrüatları yalnız o bilirdi.

Xalqa nə lazımdır? Çörək və tamaşa. Bizim ölkədə tamaşa çörəkdən yeddi dəfə çoxdur.

 

Yazarlar

Nəşr edilib: 2017/12/05 11:48

Baxış: 233


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06