“Qoca qitə”də kabus: Avropa karantindən çıxmağa niyə qorxur? – fərqli mövqelər…
Avropa karantindən çıxmağa sanki qorxur. “Qoca qitə” son 20 ildə üzləşmədiyi bir kabusun çəngindən xilas olmaq istəsə də, karantini ləğv etməyə ehtiyatlanır.
Doğrusu, buna Qərb dövlətlərinin əsasları da var: yoluxmalar azalmayıb, ölü sayında ürəkaçan vəziyyət yoxdur.
Lakin pandemiyadan ən çox itki verən İtaliya tədricən iqtisadiyyatı bərpa etməyə, karantini yumşaltmağa hazırlaşır.
Amma Almaniya hökuməti xarici səfərlərin məhdudlaşdırılması barədə qərar verib. Xaricə səfərlərin iyunun 14-nə qədər qadağan olunması gözlənilir.
Fransanın baş naziri Eduard Filip ölkəsinin karantindən çıxmasının vacibliyini bildirsə də, prezident Emmanuel Makron bunun əleyhinədir, o, Şengen ölkələrinin sərhədlərinin sentyabra kimi bağlı olacağını açıqlayıb.
Fransada ölənlərin sayı 23 000-i keçib. Bu göstəriciyə görə Fransa ABŞ, İtaliya və İspaniyadan sonra dünyada dördüncü yerdədir.
Ancaq hökumət indi tənəzzülün yaşandığı iqtisadiyyatı qurtarmaq üçün yoluxmaların sayının azalmasından faydalanmağa çalışır.
“Koronavirus pandemiyasının sonu yaxında deyil”. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri də belə açıqlama veribsə, deməli, Qərb qadağaları aradan qaldırmağa tərəddüd etməlidir. Üstəlik, Çində ikinci dalğanın olacağı Avropanı narahat etməkdədir.
Fərahim İlqaroğlu: “Avropada əvvəlki həyata qayıdışın tempinin aşağı olmasının səbəbi önləyici tədbirlərin yetərsizliyidir” |
Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlunun Musavat.com-a bildirdiyinə görə, karantinin yumşalması mayın 4-dən başlanacaq:
“Almaniyada hələlik 800 kvadratmetrlik mağazaların açılmasına icazə verilib. Əsas isə mayın 4-dən yumşalma olacaq.
Almaniya kansleri Angela Merkel hər həftə əyalət rəhbərləri ilə müzakirələr aparır, sonra qərarlar verilir.
Amma qaydalar sərtləşdirilə də bilər. Hər şey Robert Kox İnstitunun verdiyi statistik məlumatlardan asılıdır”.
F.İlqaroğlu virusun ikinci dalğasının gözlənildiyini, Avropada bu səbəbdən narahatlıq olduğunu düşünür:
“Ona görə həm Almaniya, həm Fransa, həm də digər Qərbi Avropa dövlətləri karantinin yumşaldılması məsələsində olduqca həssasdırlar, gedişatı diqqətlə izləyərək qərar verməyin tərəfdarıdırlar”.
Jurnalistin sözlərinə görə, bununla belə Almaniyada ötən həftə ilə müqayisədə bu həftə koronavirusa yoluxma və ölüm sayında artım qeydə alınıb:
“Baxmayaraq ki, tədbirlər sərtləşdirilmişdi, bəzi əyalətlərdə komendant saatı tətbiq edilmişdi, amma yoluxanların sayı 158 mini keçib, 6000-də çox ölən var.
Ən pis vəziyyət isə komendant saatı tətbiq edildiyi Bavariya əyalətindədir. Bavariyada 41 mindən çox insan yoluxub, 1700 nəfər insan virusun qurbanı olub.
Robert Kox İnstitunun rəhbəri Lothar Vayler də Almaniya hökumətinə mesaj vermişdi ki, yoluxmada artım var, karantini yumşaltmağa tələsməyin”.
F.İlqaroğlunun fikrincə, ümumiyyətlə, Avropada əvvəlki həyata qayıdışın tempinin aşağı olması həm də tibblə bağlıdır:
“Virus önləyici tədbirlər yetərli deyil. Həkimlərin istifadə etdiyi dezinfeksiyaedici məhlullar, maskalar, ləvazimatlar yetərli deyil.
Hətta Almaniyada tibb işçiləri çılpaq şəkildə etiraz aksiyası keçirərək Səhiyyə Nazirliyinə narazılıqlarını bildirmişdilər.
Bundan əlavə, ictimai nəqliyyatda maska taxmaq məcburidir, amma maska tapmaq çətinləşib, bəzi insanlar şərfdən istifadə edirlər”.
Azər Rəşidoğlu: “Karantini tam ləğv etmək məsuliyyətsizlik olardı, mərhələli proses gedəcək” |

Siyasi şərhçi Azər Rəşidoğlu isə Avropanın karantindən birdən çıxmasını mümkünsüz hesab edir. Onun fikrincə, proses mərhələli şəkildə olacaq:
“Bu qədər itki ilə üzləşən ölkələrin sərhədləri açması, kafe-restoranlara işləmək icazəsi verməsi, turistlərin gediş-gəlişi risklidir. Çünki yenidən yoluxma kütləvi şəkildə və ağır formada qayıda bilər”.
A.Rəşidoğlunun sözlərinə görə, Qərbi Avropa ölkələri mayın sonuna qədər qadağaları qismən yumşaldacaqlar:
“Çindən çox, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya kimi dövlətlər zərbə aldılar. İndi karantini tam ləğv etmək məsuliyyətsizlik olardı”.
Əhəd Məmmədli: “COVİD 19 sınağından Şərq ölkələri Qərbdən daha yaxşı çıxdılar” |

Siyasi ekspert Əhəd Məmmədlinin fikrincə, Avropa üçün kabus hələ bitməyib: “Onlar həyatını, canını çox sevirlər. Materialist həyat tərzi ilə yaşayan adamlardırlar.
Həmçinin bu pandemiya sınağından Avropa istənilən səviyyədə çıxa bilmədi. Avropa Birliyinin imicinə siyasi, maddi, mədəni və səhiyyə səviyyəsində ciddi zərbə oldu. Sən demə çətin gündə avropalılar bir olmaqlarını unutdular. Bir-birlərindən maska oğurladılar”.
Ə.Məmmədli hesab edir ki, eyni zamanda ABŞ səhiyyəsi də təsəvvür etdiyimiz kimi güclü deyimiş: “Adi xəstəxana problemi yaşadılar. Rusiya da bu sınaqdan çıxa bilmir. Sadə maska problemini belə həll edə bilmirlər.
Pandemiya sınağından üzüağ çıxan Türkiyə, Çin, Yaponiya, Koreya oldular. Baxmayaraq ki bu virus Çində başladı, onlar da epidemiyanın daha tez öhdəsindən gəldi.
Türkiyədə bu məsələdə dünya üçün bir nümunə oldu. Bir çox ölkəyə maska və digər tibbi ləvazimatlarla kömək etdilər.
Yaponiya və Cənubi Koreya səviyyəli səhiyyə sistemini ortaya qoydular. Ümumiyyətlə, COVİD 19 sınağından Şərq ölkələri Qərbdən daha yaxşı çıxdılar”.

