Qonşusunu öldürən qadın barəsində cinayət işi başlandı

Gəncə şəhərində 58 yaşlı qadını bıçaqlayaraq öldürən qonşusunun kimliyi məlum olub.
Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Minval.info-ya verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.

