Qurban Qurbanov kimləri narahat edir? – “Vaxtında qeyd edirik ki, sonra gec olmasın…”
Hələ illər öncə məşqçi Qurban Qurbanovun futbol üzrə Azərbaycan milli komandasının başına gətiriləcəyi xəbəri yayılanda çoxları buna razı deyildi.
Nəhayət, ötən il “Qarabağ”ın uğurlarından, Çempionlar Liqası kimi nəhəng turnirdə çıxışından sonra mütəxəssis millini komandanın baş məşqçisi vəzifəsinə təyin olundu. Lakin Qurbanov öz şərtləri əsasında yığma komandanın başına keçməyə razılıq verdi.
Milliyə təyin olunduqdan sonra mütəxəssisin rəhbərliyi altında komandamız iki yoldaşlıq oyununa çıxdı. Hər iki qarşılaşmada yığmamızın qələbə qazana bilməməsi bəzi yerli azarkeşlərin narazılığına səbəb olub.
Eyni zamanda Azərbaycan millisinin Bakıda Belarus komadasına minimal hesabla məğlub olmasından sonra AFFA rəsmi facebook səhifəsindəki paylaşımı ilə diqqət çəkib. Belə ki, qurumun səhifəsində qarşılaşmanın nəticəsi barədə məlumat verilib və “baş məşqçi Qurban Qurbanov” sözləri əlavə edilib. İddia edilir ki, bu addımla AFFA mütəxəssisə qarşı mənfi rəyin formalaşmasını istəyir və buna qismən nail oldu.
Qısa zaman ərzində Qurban Qurbanovdan uğurlar gözləmək doğrudurmu? Və ya qalib gəlməməkdə azarkeşlər mütəxəssisi günahlandırmaqda haqlıdırlarmı? AFFA bu paylaşımla nə demək istəyir?
Mövzu ilə bağlı Minval.info futbol üzrə ekspert, jurnalist Elçin Cəlilovun fikirlərini öyrənib.
O bildirib ki, Qurbanovun milliyə təyinatı indiyəqədərkilərdən çox fərqlənir: “Ən əvvəl müddət məsələsinə görə.
Öncədən açıqlandı ki, 6 illik anlaşmadır. Bundan başqa, bütün yaş qrupları üzrə vahid sistemin formalaşdırılması, hər yaş qrupu üzrə millilərə baş məşqçi təyinatı və s. məsələlər də bir mərkəzdən idarə olunacaq. Bu, çox böyük bir işdir. Hələ bunun təşkili mexanizmini işləyib hazırlamaq və işlək hala salmaq kifayət qədər vaxt aparacaq”.
Elçin bəyin sözlərinə görə, bu səbəbdən indidən hansısa millimizin oyunu və nəticəsi haqda geniş nəsə danışmaq sadəcə sözçülük olar: “Belə qısa zamanda nəyinsə dəyişməsi mümkünsüzdür. Əsas dəyişikliklər millinin normalaşdırılmasında ola bilərdi, bunu da kifayət qədər görürük. Qapılar hazırlıqlı hər oyunçunun üzünə açıqdır – yaxşı amildir”.
Ekspertin bildirib ki, sadəcə, Qurban Qurbanovunla Rəşad Sadıqovun iki və daha artıq yerdə çalışması narahatlıq doğurur: “Bu, onları yoracaq. Asta-asta bunu nə cür yola qoya biləcəklərini də düşünüb, müəyyənləşdirsələr, fikrimcə, yaxşı olar”.
“Qaldı ki, AFFA-nın rəsmi feysbuk səhifəsindəki “təxribat” adlandırılan nöqsana – orada Belarusla oyundan əvvəl millinin start heyəti açıqlanmışdı və baş məşqçinin adı yer almamışdı. Lakin hesabda geri düşəndə və matçın yekun nəticəsinin qeyd olunduğu tərtibatda baş məqçinin adı qabarıq qeyd olunmuşdu. Xırda nüans, lakin xoş olmayan məqam idi ki, bunu da qeyd etdik. Yaxşı olar ki, AFFA idarəçiliyi ilə yeni sistemin icraçıları arasında vəhdət olsun. Bunu dildə, üzdə deməklə deyil, real mənzərəni görürük, təhlil edə bilirik. Vaxtında qeyd edirik ki, sonra gec olmasın”, – Elçin Cəlilov vurğulayıb.
Ekspert həmçinin “Qurbanovun millinin başında olması AFFA-nın ürəyincə deyil” kimi dolaşan fikirlərə münasibət bildirib.
O söyləyib ki, belə bir xoş olmayan tendensiya mövcuddur: “Bu haqda geniş danışmaq olmur. Çünki faktoloji olmayacaq, subyektiv müşahidələrin məhsuludur. Prosesləri yaxından izləyən, camiəyə dəqiq bələd olan istənilən təcrübəli və müstəqil idman jurnalistinə soruşsanız, bu məqamın olduğunu bildirər. İctimaiyyətə yalnız bunu deyə bilərəm ki, belə bir xoş olmayan tendensiya mövcuddur. Niyəsini isə açıqlamaq hələ tezdir”.
Samir Mirzə / Minval.info


