Rəhim Qazıyevi vətən xaini hesab edirsinizmi?

Keçmiş müdafiə naziri Rəhim Qazıyev iki gün öncə həbs olunandan sonra onun haqda ən müxtəlif rəylər yazılmağa, deyilməyə başlandı. Bəziləri onu xalq hərəkatının tanınmış simalarından biri, vətən qarşısında xidməti olmuş şəxs, bir çoxları isə vətən qarşısında xəyanətə yol vermiş şəxs adlandırır.
Bəs peşəkar siyasətlə məşğul olan şəxslər Rəhim Qazıyevi vətən xaini hesab edirlərmi?
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, heç kimin məhkəmənin ədalətli hökmü ilə vətən xaini olduğu sübuta yetirilməyən heç kimi vətən xaini adlandırmağa haqqı yoxdur:“Heç bir vətəndaşa bu haqq verilməyib. Hüquqda təqsirsizlik prezumpsiyası deyilən anlayış var. Bu anlayış yalnız məhkəmə qərarından sonra aradan qalxmış olur. İki gün öncə həbs olunan Rəhim Qazıyev vətən xaini kimi ittiham olunmayıb və məhkəmə ona vətənə xəyanət etdiyi hökmünü çıxarmayıb. Ona görə də insanlar, xüsusilə ictimai, siyasi cəhətdən aktiv olan insanlar hüquqla ziddiyyət təşkil edən mövqelər sərgiləməkdən geri çəkilsələr yaxşıdır. İkincisi, İnzibati Xətalar Məcəlləsinin tələbinə görə yaşı 65-dən yuxarı olan heç bir şəxsə inzibati cəza müəyyən olunmur. Bu ya həddi qadınlar üçün 63 nəzərdə tutulub.

Bunu hakimlər bilməmiş deyil. 74 yaşlı adama isə inzibati cəza kəsilib. Hər kəsin əməlində cinayət tərkibi olub-olmamasına hüquq, hər kəsin vəzifəsini necə yerinə yetirməsinə tarix qiymət verəcək. Ola bilsin ki, Rəhim Qazıyevin də, başqalarının da tarixdəki yeri və roluna insanlar bu gün fərqli qiymətlər verir. Lakin tarix hər kəsin qiymətini verəcək. Kimin qiymətinin necə olacağı isə zamanında etdiyi əməllərin nəticəsinə uyğun olacaq”.

VİP sədri Əli Əliyev də bildirdi ki, ədalətli məhkəmənin qərarı olmadan kimsəni vətən xaini elan etmək düzgün deyil:“Mən Rəhim Qazıyevi vətən xaini hesab etmirəm. Məlumatlarım onu deməyə əsas verir ki, ona inkriminasiya olunanlar böhtandır. Bu məlumatlarımdır. Dolayısı ilə də düşündükdə, eyni mənzərə yaranır. Rəhim Qazıyevin söyləninənlərdə günahı olmuş olsa idi, bugünkü hakimiyyət onu azadlığa buraxmazdı, yaxud da etdikləri səhvləri ictimailəşdirərdi. Ondan əvvəlki hakimiyyət komandasının bir qrupu isə, yəni Elçibəyin özünü havada saxlamaq istəyənlər Qazıyevi ram edib özlərinə işlədə bilmədiklərindən haqqında müxtəlif hədyanlar yayırlar. Əgər Rəhim Qazıyevin vətən xaini olduğu kiminsə əlində tutarlı dəlili varsa, buyursun ictimailəşdirsin. Yoxdursa, bu cür ağır ittihamlara ehtiyac yoxdur”.

ADP sədrinin müavini, hüquqşünas Taliyət Əliyev isə bildirdi ki, Rəhim Qazıyevlə bağlı cəmiyyətdə birmənalı mövqe yoxdur. Həqiqətən də kimlərsə onu milli-azadlıq hərəkatının liderlərindən biri kimi Azərbaycanın müstəqillik əldə etməsində və Qarabağ uğrunda gedən döyüşlərdə xidmətləri olmuş şəxs kimi xarakterizə edirlər, kimlərsə isə əksinə onu ən ağır cinayət sayılan dövlətə xəyanətdə suçlayırlar. Hər iki cəbhənin də özünə məxsus arqumentləri var: “Bu baxımdan Rəhim Qazıyev haqqında birmənalı fikir söyləmək mənim üçün çox çətindir. Gəldiyim qənaət budur ki, Rəhim Qazıyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri olduğu kimi günahları və səhvləri də var. O etdiyi günahlara görə də cəzasını da çəkib. Amma onu dövlətə xəyanətdə ittiham edə bilmərəm. Əlimdə faktlarım olmadığına görə bu nə hüquqi, nə də mənəvi baxımdan düzgün deyil. Düzdür o dövlətə xəyanət maddəsi ilə məhkumluq həyatı yaşayıb. Amma onun mühakimə prosesinin ədalətliliyinə cəmiyyətdə olan inamsızlıq da var. Rəhim Qazıyevin iki gün öncə saxlanması və barəsində çıxarılan inzibati həbs cəzası isə onun hüquqlarının pozulması ilə müşahidə olunub. Bu da istənilən şəxsə qarşı münasibətdə yolverilməzdir. Qanunun aliliyi hər şeydən üstün olmalıdır”.
Etibar SEYİDAĞA,
Musavat.com

