Ramazanın “olar-olmazları”
Orucluğun bəzi ənənəvi suallarının cavabları
Ramazan ayının başlamasına az qaldı. QMİ-nin ilin əvvəlində hazırladığı təqvimdə göstərilir ki, mayın 6-sı Ramazan ayının 1-nə, yəni orucluğa təsadüf edir. İdarə aprelin 29-da toplantı keçirəcək və bu zaman Ramazan ayının başlaması təqvimi elan olunacaq.
Bilindiyi kimi, bəzi İslam məzhəb və cərəyanları Ramazan ayının və ümumiyyətlə təqvimin başlaması üçün yeni ayın hilalının görünməsi, özü də insanın öz gözləri ilə görməsini şərt bilirlər. Bir sıra ölkələrdə isə texniki hesablama qaydasına əsasən ilin əvvəlindən təqvim elan olunur. Buna görə də adətən Ramazan və Qurban bayramları zamanı bu cür fikir ayrılıqları yaranır. Bu mənada ayın başlaması ilə bağlı fikir ayrılıqları yəqin ki, bu il də olacaq.
Artıq Türkiyədə də Ramazan ayının başlanması tarixi elan olunub. Mayın 6-da Türkiyədə ilk Ramazan ayının birinci günü olacaq.
Oruc tutmaq bütün səmavi dinlərdə rast gəlinən (formalarında fərq var – K.R.) ibadətdir. Bu səbəbdən də Quran-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
Ramazan ayında müsəlman olan şəxsin yaşı və səhhəti, eləcə də digər məhdudiyyətlər olmadğı halda oruc tutması vacibdir. Quranda oruc tutmağn qaydaları haqqında bır sıra ayələr mövcuddur. O cümlədən, “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidir. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sızin üçün nə qədər xeyirlıdir!” (Bəqərə surəsi, ayə 184).
Hər il Ramazanda oxşar mövzularda suallar ortaya çıxdığı üçün orucluq öncəsi bəzi ənənəvi mübahisəli mövzuları qeyd edək. Ki, İslam dinində oruc tutmaq vacib ibadətlər kateqoriyasına aiddir. Yalnız xüsusi hallarda, səhhət və eləcə də təbii olaraq oruc tutması mümkün olmayanlar istisna olmaqla bütün müsəlmanlara Ramazan ayında oruc tutmaq vacibdir. Bu ayda üzrlü olaraq oruc tuta bilməyənlər sonrakı il ərzində oruc tutmalıdırlar.
Oruc tutan adam bunları etməməlidir;
Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz. Cinsi münasibətlər, hər cür qatı toz və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır. İnsan qəsdən qusarsa, orucu batil olar. əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur. Bədənə imalə etdirmək orucu pozur. Sübh namazına qədər qüsl almamaq. Oruc tutan insanın boynuna qüsl olmamalıdır. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batil olar. Çünki orucluq paklıq və Allah tabe olan adama isə yuxarıdakı əməllər yaraşmaz. Cəfəri fiqhinə görə, suya baş vurmaqla da oruc pozular. Ancaq başı suya batırmadan suda üzmək və ya çimmək orucu pozmur.
Hənəfi və Şafii məzhəblərinə görə, oruc tutan şəxsin suya baş vurması çox bəyənilməz əməl sayılsa da, orucu batil olmaz. Özü də gərək bu zaman ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsin. Buna görə də suya baş vurmaq lazım gəlsə, mütləq ağız, burun və qulaq dəlikləri qapanmalıdır.
Süd verən analar, şəkər, qan, mədə xəstəliyi kimi bəzi hallarda insanlar oruc tutmaqdan azaddır. Həddi-buluğa çatmamış uşaqlar, psixi cəhətdən qeyri-normal şəxslər, qocalıb əldən düşmüş şəxslər də oruc tutmaqdan azaddır.
Ramazan ayında ən çox verilən suallardan biri də bu ayda toy etməklə bağlıdır. Bir qayda olaraq Azərbaycanda Ramazan ayında toy edilmir. Ancaq bu bir dini qadağa deyil. Ancaq dinlə əlaqədardır. Məsələ ondadır ki, Ramazan ayında gündüz saatlarında süfrə açmaq, məclis keçirmək bəyənilmir. Yəni xüsusi istisna hallar – səfərdə olmaq, yaxud da xəstə və ya uşaqlar istisna olmaqla – çıxılmaqla gündüz saatlarında məclis təşkil etmək, yemək süfrəsi açmaq qadağandır. Bu səbəbdən də azərbaycanlılar bir qayda olaraq Ramazan günlərində toy etmirlər. Lakin ilahiyyatçılara görə dində bununla bağlı qadağa yoxdur, Ramazan günlərində iftardan sonra süfrə açmaq şərti ilə toy etmək olar. Məsələn, bu il Ramazan ayında axşam azanı təxminən saat 8 civarında olacaq. Bu saatda, yəni axşam saat 8-dən sonra süfrə açılmaq şərti ilə toy etmək olar.(musavat.com)
Kənan Rövşənoğlu

